Demokratiya və imperializm: ikili standartlar siyasətində ədalət axtarışı

10 İyun 2015 17:27 (UTC+04:00)

Müasir dövrdə demokratiya və insan hüquqları universal dəyər kimi tövsiyə xarakterliliyindən ayrı-ayrı dövlətlərin təzyiq alətinə çevrilməyə başlayıb. Faktdır ki, bu gün demokratiya kateqoriyası başda ABŞ olmaqla Qərb dövlətlərinin tükənməz "silah"ı kimi onların maraq dairəsində olan dövlətləri "yola gətirmək" üçün istifadə edilir. Amma təəssüflər olsun ki, həmin dövlətlər daxili antidemokratik mühiti gösrməyərək başqa ölkələrin daxili işlərinə qarışırlar. Əlbəttə ki, burada söhbət geosiyasi və geoiqtisadi maraqlardan getdiyindən əsas məsələ demokratiya deyil, növbədə maddi mənafelər ön plana çıxır.

Ümumiyyətlə, siyasi elmdə göstərildiyi kimi, demokratiya cəmiyyətin siyasi təşkili forması olmaqla, xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mülkiyyət toxunulmazlığı yer alır.

Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya İnsan Haqları Bəyannaməsinin müqəddiməsindən də görürük ki, "bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir".

Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin "bərabərlik" sözünü geniş mənada başa düşmək lazımdır. Yəni, bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir.

Demokratiya nəzəriyyələrindən də görürük ki, əslində bu cür idarəçilik olan ölkələrdə insanlar dərisinin rəngindən və dinindən asılı olmayaraq, bərabər imkanlara sahib olmalıdırlar. Bəs nə üçün biz bunu dünyanın "demokratiya beşiyi" kimi qəbul etdirilən ABŞ-ı haqqında deyə bilmirik?

ABŞ rəsmilərinin "regionda sülhü və həmrəyliyi təmin edirik", "demokratiyanı yayırıq", "regiona sabitlik gətirmək istəyirik" kimi bəyanatlarının arxasında bu gün tamam başqa məqsədlər dayanır. Bunu yəqin etmək üçün müasir dünyada dövlətlərarası münaqişələrin və müharibələrin yaranması səbəblərinə obyektiv nəzər salmaq kifayətdir.

ABŞ dünya siyasətində imperialist mövqedən çıxış edərək, yalnız öz maraqlarının təmin edilməsi baxımından hərəkət edir və onun üçün demokratiya və insan hüquqları sonuncu dərəcəli faktora çevrilir. Əgər bu, belə olmasaydı, biz hazırda yerli qırmızıdərililərə qarşı törədilmiş 65 qətliamdan və 3 milyondan çox qırmızıdərilinin öldürülməsindən danışmazdıq. Elə ən son qətliamın 1911-ci ildə törədilməsini və tarixə ''Sonuncu qətliam'' kimi düşməsini də qeyd etməzdik.

Bu sahədə araşdırmaları davam etdirdikcə, ABŞ-ın dünyada demokratiya haqqında daha çox danışmağa mənəvi haqqının çatmadığını görürük. Faktlar bir daha isbatlayır ki, ABŞ-ın bu gün dünyada "demokratiya jandarmı" rolunu oynaması və siyasi-hərbi gücündən istifadə edərək, kiçik dövlətlərə təzyiqlər göstərməsi onun atdığı antidemokratik addımların üzərindən pərdə çəkməyə hesablanıb. Vaşinqton nə qədər gizlətməyə çalışsa da, bütün dünya bilir ki, beş əsr öncədən "ölü daşıyıcıları" adı ilə bilinən gəmilərdə ABŞ-a 13 milyonadək qul gətirilib. Baxmayaraq ki, ABŞ-da quldarlıq XIX əsrin ortalarında ləğv olunub, amma bu amildən irəli gələn savaşlar hazırda da bu ölkədə davam edir. Elə irqçiliyə qarşı mübarizə aparan Martin Lüter Kinq də bu ölkədə öldürülüb və Ferqüson şəhərində qaradərili şəxsləri ağdərili polislər qəsdən güllələyib. Bəli, göründüyü kimi, ABŞ daxilində demokratiyanı tam bərqərar edə bilməmiş ölkə kimi vətəndaşlarının azadlıqlarını və hüquqlarını tam təmin edə bilmir, yaxud da, istəmir. Bəlkə də, ABŞ-a prezidentin seçilməsini 100 nəfərin, senatın seçilməsini isə 2 nəfərin həyata keçirməsi sərf edir. Çünki, ümumxalq səsverməsi bu ölkənin çox güman ki parçalanmasına da gətirib çıxara bilər. Ən azından kütləvi şəkildə qətlə yetirilmiş qırmızıdərililər və daim basqı altında olan, xüsusi məhəllələrdə məskunlaşdırılmış qaradərililər öz nümayəndələrini irəli sürə və ya hüquqlarını tələb edə bilərlər. Bəlkə də, elə bunun qorxusudur ki, ABŞ hökuməti Ferqüsonda irqi ayrı-seçkilik nəticəsində zənci gəncin polislər tərəfindən öldürülməsindən sonra etiraz edənlərin həbs edilməsi və onlara qarşı zorakılıq tətbiq edilməsi müşahidə olundu. Yaxud da ki, Nyu-Yorkda polislər tərəfindən həbs edilənlərin 70 faizinin, atəş açılanların 50 faizinin və öldürülənlərin 70 faizinin zənci, eyni zamanda, 20-29 yaşında olan zəncilərin üçdə birinin ya həbsxanalarda, ya da istintaq təcridxanasında olması bu ölkədəki irqi diskriminasiyadan xəbər vermirmi?

Bütün deyilənlərlə yanaşı, fakt olaraq bildirməliyik ki, 1905-ci ildə ilk dəfə olaraq, Kaliforniyada "qarışıq nigahların qadağan olunması" haqqında qanun qəbul olunmuşdu. Həmin vaxt bu ştatda ağdərililərlə "monqollar" (yaponlar) arasında nigahlar qadağan edilmişdi. Məhz, bununla da, ABŞ-da antiyapon əhvalının əsası qoyulmuşdu. Elə bu əsasda 1924-cü ildə asiyalıları nəzərdə tutan qanun da qəbul edilmişdi. Bu qanunla yaponlar heç bir halda ABŞ vətəndaşlığını ala bilməzdilər. Bu cür antiyapon əhvalın nəticəsi idi ki, ikinci dünya müharibəsi zamanı ABŞ-dan 120 min yapon ölkədən qovuldu, yaxud da xüsusi düşərgələrə salındı. Eyni zamanda ABŞ-ın Yaponiyaya olan nifrətindən irəli gələrək 6 avqust 1945-ci ildə Xirosimaya, 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombaları nəticəsində 100 min yaponiyalı mülki vətəndaş öldürüldü və yüz minlərlə insan şikəst qaldı.

1906-cı ildə San-Fransiskoda məktəblərin irqi fərqinə görə ayrılması haqqında da qanun qəbul edilmişdi. Burada qaradərililər və ağdərililər üçün xüsusi məktəblər yaradılırdı. Hətta, bəzən elə olurdu ki, ağdərililərin məktəblərini silahlı qvardiya əsgərləri mühafizə edirdilər.

Həmçinin, Alabamada qəbul edilmiş qərarlara əsasən qaradərililərlə ağdərililər avtobusda eyni yerdə əyləşə bilməzdilər. Çünki, qanuna əsasən avtobusun qarşıdakı ilk 4 sıra oturacağı xüsusi olaraq, ağdərililər üçün nəzərdə tutulmuşdu, hətta, bununla bağlı xəbərdarlıq da avtobusun işərisində qeyd də yerləşdirilmişdi. Əgər qaradərili bu sırada əyləşərdisə, o zaman yerini mütləq ağdərili insana verməli idi. 1955-ci ildə Roza Parks adlı qadın yerini ağdəriliyə vermədiyi üçün cərimələnmişdi və həbs olunmuşdu.

Bununla yanaşı, bütün avtobus sürücüləri ağdərili olmalı idi. Bu da əlbəttə ki, tez-tez qaradərililərin təhqir olunmasına və "qara meymunlar", "qara inəklər", "nigerlər" kimi ifadələrin eşidilməsinə gətirib çıxarırdı. Eyni zamanda, ABŞ-da müşahidə olunan irqi seqreqasiya özünü ictimai yerlərdə də göstərirdi.

Qeyd edək ki, bu gün irqi seqreqasiya sözdə olmasa da, hələ də ictimai münasibətlərdə və dərsliklərdə qalmaqdadır. 2006-cı ildə Harvard Universitetinin professoru Harri Orfild insan hüquqlarına dair məruzəsində yazırdı ki, "bu gün ABŞ-da irqi seqreqasiyanın səviyyəsi 1960-cı illərin səviyyəsinə yüksəlib".

I Dünya Müharibəsindən sonra Monro doktrinasının müddəalarına baxmayaraq, ABŞ Avrasiya və Afrika materikindəki ölkələrə qarşı "səlib yürüşü"nə başladı. Artıq ABŞ müharibələrin və əsas diqqətin yayındırılması məqsədilə dünyanın müxtəlif nöztələrində müharibə ocaqları yaratmağa və ölkələri xaqların mənsubiyyətinə görə parçalamağa başladı. Bunun nəticəsi kimi, Koreya xalqı iki yerə bölündü, bir-birinə düşmən edildi və bu gün düşmənçiliyin davam etməsi siyasəti həyata keçirilir, bir xalqın birləşməsinə imkan verilmir. Eyni zamanda, Vyetnam müharibəsində 1962-1971-ci illər arasında mülki insanlar qətl edildi, onlara qarşı 80 milyon litr kimyəvi dioksin qazından istifadə edərək 5 milyon vyetnamlı öldürüldüb və şikəst qaldı. Bununla da Vyetnamda da xalqlararası nifaq salındı və bu proses hazırda da davam etdirilməkdədir. SSRİ-nin parçalanmasında sonra Yuqoslaviyanı bombalayan ABŞ (NATO rəsmi komuflyaj idi – B.Q.) Şərqi və Cənub-Şərqi Avropada xırda dövlətlər yaratmaqla əbədi qarşıdurmanın əsasını qoydu.

Həmçinin, ABŞ 11 sentyabr 2001-ci il hadisəsindən sonra Əfqanıstanı və 2003-ci ildə İraqı işğal edərək on minlərlə insanı öldürdü, İraq və Əfqanıstanda yüksək dəqiqliyə malik olan silahlarla silahlı hədəflər deyil, mülki insanlar qətlə yetirildi, ''sülhməramlı'' ABŞ əsgərləri İraq və Əfqanıstanda sivil insanları öldürməklə, onların cəsədlərini təhqir edərək uşaqları və nəvələri üçün xatirə şəkilləri çəkdirdilər, İraqın enerji mənbələrinə sahib olmaq üçün bu ölkədəki yüz minlərlə insanı öldürdü və milyonlarla insanı ölkəsini tərk etməyə məcbur qoydu. ABŞ 10 ildən çoxdur Quantanamoda insanları məhkəmə qərarı olmadan illərlə həbsxanada saxlayır, onlara işgəncə verir. 2011-ci ildən isə başlayaraq Tunis, Misir də daxil olmaqla Liviya "işğal" edildi, Suriya isə viran qoyuldu. Məhz, bütün bunlar bir daha özünü dünyaya demokratik və sivil dövlət kimi təqdim edən ABŞ-ın antihumanist və imperialist siyasətinin nəticələridir.

ABŞ dünyadakı imperialist məqsədlərini reallaşdırmaq üçün əsasən planetin inkişaf və yaşamaq üçün əhəmiyyətli sayılan təbii resurslarının yerləşdiyi islam ölkələrinə qarşı hücumları ara vermir. Bütün strateji hədəflər ona yönəlib ki, İslam dünyası tamamilə xaos içərisində olsun və planetar miqyasda antiislam əhvalı yaratmaqla islamafobiyanı düşüncələrə yeridilsin. Bunun üçün isə elə 2001-ci ildən başlayan siyasi-hərbi kampaniya bu gün də tam sürətilə davam etdirilməkdədir.

Xüsusi terror hadisələrinin hazırlanması, KİV vasitəsilə bütün diqqətin terror aktlarının İslam dinindən olanların törətməsi yönəldilməsi, "İslam terroru" kimi adlandırılan və kütləvi şüura effektiv təsiretmə gücündə olan filmlərin çəkilməsi, reportajların hazırlanması və s. başda ABŞ olmaqla Qərb dövlətlərinin islamafobiyanın yayılmasına verdikləri dəstəyin nəticələridir. Eyni zamanda, vaxtilə "Əl-Qaidə"nin başında Usama Bin laden olmaqla, indi də "İŞİD"in başda əl-Bağdadi olmaqla islam dünyasına qarşı ardı-arası kəsilməyən hücumlar başlayıb. Əlbəttə ki, sirr deyil ki, hər iki xüsusi terror qrupları ABŞ və digər Qərb ölkələrinin xüsusi xidmət orqanlarında təlim görmüş "ərəb isimli, islam əqidəli" terrorçular tərəfindən təşkil və idarə olunur. Məhz, bu qruplar vasitəsilə ABŞ və başqa Qərb ölkələri,

- İslamafobiyanı gücləndirməklə, "islam terroru" adlı təhlükəli məhfum yaratmaq;

- İslam əqidəli insanların dünyadakı sayını azaltmaq;

- Karbohidrogen ehtiyatlarla zəngin islam ölkələrində etnik-dini qarşıdurmalarla ölkələri parçalamaq, onların təbii ehtiyatlarını ələ keçirmək;

- "terror və dəhşətli qətllər yalnız İslamdan gəlir" düşüncəsini beyinlərə yeritmək;

- "qızıl milyard" ideyasını islam dini daşıyıcılarının qətli hesabına reallaşdırmaq və s. kimi məqsədlərini həyata keçirməyə çalışırlar.

Özünü dünyaya "demokratiya beşiyi" kimi təqdim edən ABŞ-ın siyasi sistemində də problemlər çoxdur. Belə ki, bu ölkəni siyasi sistemi bipartizm əsasında formalaşıb. Yəni, real siyasi sektor iri kapitalistlərin maraqlarını təmin edən iki partiya tərəfindən monopoliyaya götürülüb. Bununla da ABŞ-da çoxpartiyalı sistem yalnız görüntü xarakteri alıb. Çünki burada Respublikaçılar və Demokratlar partiyasından başqa digər partiyaların seçkilərdə iştirakı və üzə çıxması demək olar ki, məhdudlaşdırılıb. Bununla da əsaslı olaraq demək olar ki, ABŞ-da siyasi plüralizm və çoxpartiyalılıq iflasa uğrayıb.

Seçkidə iştirak etmək istəyən hansısa partiya bütün ştatlarda qeydiyyatdan keçməlidir, lakin qeydiyyat proseduru çətin olduğundan və iki partiyadan başqa digərlərinin KİV-lərə çıxışı olmadığından onların siyasi proseslərdə iştirakı mümkünsüzləşir.

Bununla yanaşı, adı çəkilmiş iki partiyanı dəstəkləməyən müstəqil elektoratın sayı durmadan artır. Amma hansısa səbəbdən bunun nə prezident, nə də Konqres seçkilərində izi də bilinmir. Son rəqəmlərə görə, 6 milyonadək amerikalı məhkumluğuna görə, səsvermə hüququndan məhrum edilib (halbuki Azərbaycanda məhkumlar üçün məntəqələr yaradılıb və onlar səsvermə hüququndan istifadə edir – B.Q.) Ümumilikdə isə hər 40 amerikalıdan biri, afroamerika mənşəlilərin hər 13 nəfərindən biri, həmçinin, Kentukki, Virciniya və Florida kimi ştatlarda qaradərili əhalinin 20 faizi səsvermə hüququndan məhrumdur. Aparılmış araşdırmaların nəticələrinə görə, 2008-ci il prezident seçkilərində səsvermə hüququ olan 75 milyon amerikalı bu hüququndan istifadə etməyib, eyni zamanda, 60 milyon insan qeydiyyat səbəbindən səsvermə prosesindən kənarda qalıb.

Ciddi siyasi məsələlərdən biri də səsvermə prosesinə beynəlxalq müşahidəçilərin buraxılmamasıdır. Hazırda yalnız Missuri, Cənubi Dakota və Nyu-Meksiko ştatlarında, həmçinin, Kolumbiya federal dairəsində seçkilərdə səsverməni izləmək üçün beynəlxalq müşahidəçilərin həmin ərazilərə buraxılmasını nəzərdə tutan qanunlar qəbul edilib.

ABŞ-da həmçinin, söz azadlığı da məhdudlaşdırılır. "Sərhədsiz reportyorlar" qeyri-hökumət təşkilatı 2012-ci ildə jurnalistlərə olan təzyiqlərə, "Uoll-striti işğal et" aksiyasının qəddarlıqla yatırılmasına və s. antidemokratik hərəkətlərə görə, ABŞ-ın illik qlobal reytinqdəki yerini 27-dən 47-yə salmışdır. Tədqiqatlara görə, "Uoll-striti işğal et" aksiyasının polis tərəfindən dağıdılması zamanı 80-dən artıq amerikalı jurnalist xəsarət alımışdı.

Bundan başqa, Müstəqil Hüquqşünaslar Koalisiyasının araşdırmalarına görə, 2011-ci ildən 2012-ci ilədək təkcə Nyu-Yorkda 18 jurnalist həbs olunub. Son 4 il ərzində isə məxfi informasiyaların yayılmasına görə 6 jurnalist "Casusluq haqqında" qanuna əsasən cəzalandırılıb. Həmçinin, Vikiliksə məlumat ötürdüyü üçün həbs olunan Menninqin işindən sonra bu internet resursuna giriş də məhdudlaşdırılmışdı. Bununla da Ağ Evin, Konqres kitabxanasının, Pentaqonun, Dövlət Departamentinin və digər orqanların əməkdaşlarına Vikiliksə daxil olmaq qadağan olunmuşdu.

Həmçinin, ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq etmədən Kubaya səfərləri reklam edən 80 internet saytı bağlanmış, dövlətin "qara siyahı"sına daxil edilmişdi.

Eyni zamanda, ABŞ-da "Apple", "Google", "Yahoo", "Faceboook" və "Myspace" kimi şirkətlər xüsusilə də, dini ekstremizmi və dözümsüzlüyü əsas gətirərək informasiyaların böyük hissəsini filtrizasiyadan keçirirlər.

Bir sözlə, bütün bu faktlar isbatlayır ki, ABŞ heç də özünü təqdim etdiyi kimi demokratik ölkə deyildir. Bu dövlət demokratiyanı istismar edən bir güc kimi sadəcə olaraq, dünyada imperialist maraqlarını reallaşdırmağa çalışır. Lakin daxili mənzərəsini yaddan çıxaran ABŞ bu gün diskriminant, islamafob, antihumanist və imperialist kimi ad çıxarıb. Və təsadüfi də deyil ki, bir müddət öncə jurnalistlərin suallarını cavablandıran Z.Bjezinski bildirmişdi ki, demokratik ABŞ-ın cəmi 6 yaşı var. Bu cavab özülüyündə elə bütün məsələləri çılpaqlığı ilə ortaya qoyur.