İlham Şaban Petkimdəki paydan danışdı AÇIQLAMA

8 İyun 2015 18:20 (UTC+04:00)

"Hər iki tərəfi qane edən alqı-satqı kommersiya sazişidir ki, hər şey bu sazişlə başlayır. Cari ilin fevralın 2-də artıq SOCAR sazişin bağlanılacağını elan etmişdi". Bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban SOCAR-ın Türkiyədə hissə satışından imtina etməsi ilə bağlı SİA-ya açıqlamasında deyib.

O qeyd edib ki, bu sadəcə kommersiya xarakterli bir imtinadır. Bu ilin fevral ayından elan olunan sözləşmə 4 ay sonra imtina ilə yekunlaşdı: "Bu sözləşməni SOCAR aralıq şirkətinə həvalə etmişdi. Faktiki olaraq 4 aydan sonra danışıqlar artıq yekunlaşdı. Bu sırf kommersiya baxımından bir sövdələşmədir. Petkimdə hərraca çıxarılan hissəsində SOCAR-ın 62 faizə yaxın payı var. SOCAR həmin hissəni satışa çıxararaq ondan gəlir əldə etmək istəyirdi. Əldə edilən gəliri isə, müəyyən məqsədlər üçün istifadə edəcəkdi. Burda görünən o idi ki, SOCAR Petkimdə olan hissəsini dəyərindən aşağı satmırdı. Yəqin ki, kommersiya baxımından razılaşma əldə edilməyib".