Məlumdur ki, Azərbaycanın qazandığı nailiyyətlər beynəlxalq müstəvidə də etiraf olunur və yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir ki, bir çox mötəbər təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında qərarlar qəbul edirlər. Həmin tədbirlər siyasi, iqtisadi, humanitar və digər sferaları əhatə edir. Bunların arasında beynəlxalq idman tədbirlərini də xüsusi vurğulamaq yerinə düşər.
Ümumiyyətlə, bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır.
Beynəlxalq təcrübədən bəllidir ki, istənilən sahənin inkişafı üçün maddi-texniki təminat məsələlərinin uğurla həlli və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Azərbaycanda da Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin ilk Avropa Oyunları kimi böyük idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanırdı və Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsinin kökündə də məhz bu amillər dayanırdı. Şübhəsiz, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Göründüyü kimi, Azərbaycan özünün sürətli inkişafı sayəsində Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların Avropa səviyyəsində etirafıdır. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülməkdədir. Bildiyimiz kimi, ötən zaman ərzində Avropa Oyunları Təşkilat Komitəsinin iclasları keçirilib, iclaslar zamanı bu beynəlxalq idman müsabiqəsinə hazırlıq məsələləri kompleks surətdə müzakirə predmetinə çevrilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın sədrlik etdiyi Komitənin iclasları zamanı müzakirə edilən məsələlər deməyə əsas verir ki, Avropa Oyunlarının keçirilməsi istiqamətində strateji prioritetlər müəyyən edilib və qarşıdakı vəzifələr müəyyənləşdirilib. Martın 4-də Roma şəhərində "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimat mərasimi zamanı çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva bildirib ki, belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Mehriban xanım Əliyevanın sözlərinə görə, Azərbaycan yaxşı anlayır ki, ilk Oyunlar, onların təşkili gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək: "Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları ilə, Avropa Olimpiya Komitəsi ilə sıx əlaqədə çalışırıq. Ümidvaram ki, birinci Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək".
Ümumilikdə isə qeyd etmək olar ki, Azərbaycan bu mötəbər idman yarışına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu optimist proqnozu şərtləndirən amillər yetərincədir. Birincisi, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsi və təcrübəsi yetərincədir. İkincisi isə, təşkilatçılıq nöqteyi-nəzərindən sistemli tədbirlərin həyata keçirilməsinin müəyyənləşdirilməsi Azərbaycanın bu məsələyə nə qədər məsuliyyət və diqqətlə yanaşdığını göstərir. Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası zamanı çıxışında bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı gözəl təcrübəmiz vardır.
Beləliklə, Azərbaycan daha bir möhtəşəm tarixi hadisənin astanasındadır. İlk Avropa Oyunlarının bütün dünyanın diqqət mərkəzində olduğunu nəzərə alsaq, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirən amil olacaq.