Bakı ilk Avropa Oyunları ərəfəsində

1 İyun 2015 18:13 (UTC+04:00)

Tarixdə ilk Avropa Oyunları – bizim ölkəmiz üçün əlamətdar olan idman hadisəsi yaxınlaşır. Bütün dünyanın diqqət mərkəzində Azərbaycan vardır. Avropa tarixində ilk dəfə olaraq idman yarışları Azərbaycanın paytaxtı Bakıda və onun şəhərlərindən biri – Mingəçevirdə keçiriləcəkdir. Bakı hazırlaşır – şəhəri bu gün bu deviz və köklənmə ilə müşahidə etmək olar. Azərbaycan öz miqyasına görə nəhəng Avropa birinciliyini qəbul etməyə hazırdır. Yüksək dünya tələbləri və standartlarına cavab verən möhtəşəm şəhər infrastrukturu yaradılmış, iri idman kompleksləri və meydanları tikilmiş, eləcə də oyunların keçiriləcəyi dövr üçün zəruri olan təhlükəsizlik tədbirləri nəzərə alınmışdır. Əlamətdar idman hadisəsinin hazırlığı ilə əlaqədar olan müəyyən tədbirlər aparılır. Bu, həm də qonaqların, idmançıların, rəsmi nümayəndə heyətlərinin, tamaşaçılar və turistlərin qəbulu və görüşlərinin təşkili ilə əlaqədardır. Axı bizim ölkəmizin və paytaxt sakinlərinin belə bir nəhəng tədbirin keçirilməsinə necə hazır olması olduqca mühümdür.

Tarixən bizim xalqımız öz qonaqpərvərliyi, xeyirxahlığı və qəlbinin açıqlığı ilə tanınmışdır və buradan da belə bir nəticəyə gəlmək olar ki, istənilən xarici vətəndaş və ya turist təkcə idman tədbiri, onun təşkilindən deyil, həm də bütövlükdə bizim özümüzdən, bizim mədəni dəyərlər və ənənələrimizdən razı qalacaqdır. Ölkə və onun sakinləri ilə əlaqədar olan ilkin təəssüratları nəzərə almaq lazımdır, çünki bu turistlərdə xüsusi bir emosiya, heyranlıq yaradır ki, bu da ölkəmizə gələcəkdə bir daha gəlmək haqqında düşüncələrə yer verə bilər. Bizim hökumətimiz oyunların özünün təşkil edilməsindən tutmuş paytaxtın bütün qonaqları və onun sakinlərinin təhlükəsizliyinə zəmanət verilməsinə qədər əlindən gələn hər şeyi edir ki, bununla da dünya idmanı və idman yarışları tarixində nəzərə çarpacaq iz qoya bilsin. Əminəm ki, biz hamımız iftixarla tarixdə birinci Avropa Oyunları kimi danışılacaq və xatırlanacaq idman yarışmasının sahibi kimi ölkəmizi təmsil edəcəyik. Yuxarıda deyilənlərdən çıxış etməklə yaxın gələcəkdə dövlətin idman və mədəniyyət sahəsinə daha güclü investisiyalar axınını gözləmək olar. Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlətimizin hərtərəfli inkişafı üçün bu gün hər şey edilir. Bu inkişafın bəhrələri dünya ictimaiyyəti tərəfindən çoxdan qeyd edilir, son zamanlar isə daha tez-tez dünya KİV-də Azərbaycan – onun geosiyasi məkanda artmaqda olan təsiri, keçirdiyi müxtəlif dünya səviyyəli mədəniyyət və idman tədbirləri haqqında eşitmək olar – bunlar danılmaz faktlardır. Birinci Avropa Oyunları kimi nəhəng idman tədbirinin təşkil edilməsinə az qüvvə sərf edilməyib. Bunlar bizim dövlətimiz tərəfindən Azərbaycan, onun xalqı naminə fəxrlə yerinə yetirilib.

Bu gün Azərbaycan, özünün mədəni dəyərləri və ənənələri ilə icra edilmiş bu böyük həcmli işləri bütün Avropa və dünyaya nümayiş etdirir. Bu Azərbaycan dövlətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev başda olmaqla həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bu cür tədbirlərin təşkili anidən və dəqiqəlik qərar olmamışdır, Azərbaycan buna doğru, hələ Avropa Olimpiya Komitəsinin yaranması dövründən uzun illər ərzində addımlamışdır. İlk dəfə Bakıda keçirilməli olacaq bu idman hadisəsi dünya tarixində, nə vaxtsa Afinadakı ilk Olimpiya Oyunlarının keçirilməsi qədər böyük bir iz buraxacaqdır. Azərbaycan, güc, zamana qənaət etmədən özünü dünyaya təkcə etibarlı enerji layihələri tərəfdaşı kimi tanıtmağa deyil, həm də bugünkü ilk Avropa Oyunları kimi mötəbər idman və mədəniyyət tədbirlərinin təşkilatçısı kimi də təqdim etməyə çalışır. Bizim dövlətimizin son onillikdə yerinə yetirdiyi işlər 2012-ci ildə Romada ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın alınmasına gətirib çıxardı. Bütövlükdə bu bizim dövlətimizin beynəlxalq arenada qazandığı əhəmiyyətli uğurların nəticəsidir. Əlbəttə, bu gün hər yerdə ilk Avropa Oyunlarının tənqidçilərinə və skeptiklərinə rast gəlmək olar, lakin heç bir tənqid dövlət tərəfindən Bakıda keçiriləcək ilk Avropa Oyunlarına sərf edilmiş səy və diqqətə layiq deyil. Əgər tarixə düşmək və birinci olmaq istəyiriksə, onda, sözsüz ki, təkcə gələcəkdə özünü doğruldacaq maliyyə vəsaitlərinin qoyulması deyil, həm də səylər, inad və səbir lazımdır. Amma bu ona dəyər, çünki belə bir şans yüzillikdə bir dəfə ələ düşür. Gələcəkdə bizi dünya miqyaslı çoxlu hadisələr gözləyir. Bizim dövlətimiz bu gün yerində saymır və bizim əsas qələbələrimiz hələ qarşıdadır. İlk Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcəkdir ki, bunu oyunlara hazırlıq faktının özü də sübut edir. Eyni zamanda ilk Avropa Oyunlarının əməliyyat komitəsinin kadr potensialına da böyük ümidlər bəslənir və ümid etmək və inanmaq istərdik ki, onlar üzərilərinə qoyulmuş olan vəzifələri layiqincə yerinə yetirməklə özlərini tam olaraq doğruldacaqlar. Axı yaxşı məlum olduğu kimi, istənilən iri tədbirin və ya təşkilatçılığın kadr potensialı uğurun mühüm tərkib hissəsindən biridir. Bizim hökumətimiz yarışların yüksək səviyyədə baş tutması üçün ondan asılı olan mümkün hər şeyi etmişdir. Bu oyunlar Azərbaycana nə verəcək və belə möhtəşəm idman hadisəsinin təşkil edilməsindən hansı dividentlər əldə ediləcək? Birincisi, daha çox tanınma və hörmət, Avropa və bütün dünya tərəfindən nüfuz və səlahiyyətlilik, özünün tolerant münasibəti və demokratik azadlıqları ilə məşhurlaşma, İkincisi, bu ölkədə daha az məşhur olan idman növlərinin inkişafına təkan verəcək və təbii ki, turizm sahəsinin inkişaf etməsinə yardım olacaq, bundan da artıq – oyunlar dövründə özünü daha yaxşı göstərmək imkanı yaranacaqdır, axı belə miqyasda idman yarışı Azərbaycanda ilk dəfə keçirilir. Və nəhayət, üçüncüsü – investisiyalar.

Qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycan təkcə ölkə daxilində deyil, həm də xaricdə iri beynəlxalq layihələrin gerçəkləşməsinə investisiyalar yatırır. Azərbaycan dünyada daha çox tanınan olub və dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin diqqətini cəlb edə bilər. Mümkündür ki, 2015-ci ilin idman hadisəsi ölkənin idman və turizm sahəsində inkişafı üçün müəyyən mənada yekun vurulması və yeni mərhələyə keçid, eləcə də ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi üçün yeni yolun başlanğıcı olsun. Hər şey bizim özümüzdən, bizim özümüzü dünyaya necə göstərməyimizdən asılıdır, bu isə beynəlxalq imkanların birləşdirilməsi üçün mühüm addım olacaqdır.