Səhiyyə Nazirliyinin Kollegiya iclası keçirilib

1 İyun 2015 12:36 (UTC+04:00)

Ə. Əliyev adına Azərbaycan dövlət Həkimləri Təkmilləşmə İnstitutunda səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, Elmi Təhqiqat institutları, Bakı və bölgələrdəki tibb müəssisələrinin, habelə, Prenatal mərkəz və bəzi özəl tibb müəssisələri rəhbərlərinin iştirak etdiyi kollegiya toplantısı iki əsas mövzuya həsr olunub. Birincisi, 1 iyun 2015-ci il tarixindən tətbiq ediləcək nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına dair, digəri isə Səhiyyə Nazirliyinə daxil olan ərizə və müraciətlərin müzakirəsinə həsr olunub.

Kollegiyanı giriş sözü ilə acan Səhiyyə naziri Oqtay Şirəliyev ilk olaraq nikaha daxil olan şəxslərin tibbi müayinəsi ilə əlaqədar çıxış üçün sözü Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova verdi.

G.Poladov Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq insanın talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi olduğunu bildirdi. Bu xəstəliyin ən çox Kipr, İtaliya, Türkiyə, Yunanıstan, Misir, İran, Pakistan, Hindistan və Çində yayılıb.

Azərbaycan da bu xəstəliyə düçar olan vətəndaşlarımız var. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafla yanaşı, həyata keçirilən ardıcıl sosial yönümlü tədbirlərin nəticəsində əhaliyə göstərilən tibbi xidmətin də keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdığını diqqətə çatdırdı. Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə 11 Dövlət Proqramı qəbul olunmuş və uğurla davam etdirilir. İnsanların sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən dövlət rəhbərimizin talassemiyalı xəstələrə də diqqəti xüsusi qeyd olunmalıdır.

Son illər talassemiyaya ilə mübarizə istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2005-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti Milli Məclis tərəfindən qəbul edilmiş "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb.

2005-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 264 nömrəli Fərmanı dərc edilib.

18 yanvar 2006-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı"nın da təsdiq edilməsi haqqında" 15 №-li qərar verilib.

Şöbə müdiri vurğulayıb ki, problemin ciddiliyini nəzərə alan Heydər Əliyev Fondu və şəxsən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısının alınması ilə bağlı əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Respublika Talassemiya Mərkəzi yaradılıb.

Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunmuş, onların donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin olunub.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub.

Hazırda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla aparılıb.

Eyni zamanda 10 fevral 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yenidən "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Cənab Poladov, görülən işlərə baxmayaraq, xəstəliyin müalicəsinin çətin olması, ailə və uşaq üçün həddən artıq üzücü olması, xəstələrin sayının artmasını hazırkı dövrdə əhali arasında talassemiyanın qarşısının alınması istiqamətində kompleks tədbirlərin aparılmasına zərurət yaratdığını qeyd etdi. Sağlam ailənin formalaşması, maarifləndirmə, xüsusilə risk qruplarının müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbarı tibbi müayinədən keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2014-cü il tarixində " Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında " Qanun və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq Fərman imzalayıb.

Fərmana əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minir.

Fərmanın icrası ilə bağlı, Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 aprel tarixində müvafiq qərar vermişdir. Qərara uyqun olaraq sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan tallasemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb.

1. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı" ,

2. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası" və

3. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması" təsdiq edilmişdir.

Qaydaya uyqun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçiriləcəkdir.

Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

Şöbə müdiri vurğulayıb ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

G. Poladov, qeyd etdi ki, qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.

Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilməlidir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

Qeyd olundu ki, arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.

Cənab Poladov qeyd edib ki, qarşıda qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işləri aparılıb. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin həyata keçirilməsinə cəlb edilən səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib.

Bu tədbirləri Azərbaycan Respublikasının regionlarında Mərkəzi Rayon Xəstəxanaların və ya Şəhər Xəstəxanalarının, Şəhər Səhiyyə Şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcəklər.

Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılmış və marşrutları müəyyən edilib.

Eyni zamanda Hematologiya İnstitutunda talassemiyanın profilaktikası şöbəsi yaradılmışdır. Şöbə talassemiyanın təsdiqedici müayinələrin keçirilməsi üçün müasir standartlara uyqun bütün lazımı laborator avadanlıq və kadrlarla təmin olunub.

Səhiyyə Nazirliyinin 77 nömrəli əmrinə uyqun olaraq Rayon Mərkəzi Xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb. Yaradılan kabinetlərin həkimləri Akademik Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda 2 həftəlik və Respublika Talassemiya Mərkəzində 1 həftəlik təlim kurslarında iştirak ediblər. Həmçinin bu həkimlər Hematologiya İnstitutunda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmə qaydaları ilə bağlı təlimə cəlb olunmuşdurlar. Bu müəssisələrin laboratoriya həkimləri isə yerlərdə skrininq testlərin aparılması üzrə müvafiq təlim keçiblər.

G.Poladov statistik rəqəmlərə nəzər salaraq qeyd etdi ki, 2013-2014-cü illərin statistikası göstərir ki bir ilə orta hesabla Respublikamızda 85 -90 min nikah qeydə alınır. Bu isə 170 -180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24 % Bakı şəhərinin payına düşür, qalan 76 % Respublikamızın regionlarına aiddir. Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180 yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir. Natıq çıxışının sonunda, belə bir əhəmiyyətli tədbirə cəlb olunmuş müəssisələrin sayının yetərincə olmasnı yerlərdə bu işin öhdəsindən layiqincə gəlinəcəyinə əminlik yaradır- deyə bildirdi.

Daha sonra Səhiyyə naziri Oqtay Şirəliyev nikahdan əvvəl icbari tibbi müayinənin əhali üçün, gələcək nəsil üçün, bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışdı. Cənab nazir qeyd etdi ki, Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımı tədbirlər yüksək səviyyədə hazırlanmışdır. Yerlərdə bu işin səmərəliliyin artırılması, yeni ailə qurmaq arzusunda olan, xoş əhval-ruhiyyədə müraciət etmiş gənclər elə xoş əhval-ruhiyyə ilə də qarşılanmalı, lazımi qaydada, yüksək səviyyədə müayinə olunmalıdırlar. Qeydiyyat, genetik müayinə, avadanlıqların alınması, görülən işlər, cəlb olunmuş mütəxəssislər bütün bunlar əhalinin sağlam gələcəyi üçün atılan addımlardır və hər bir kəs öz işinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır.

Cənab nazir O.Şirəliyev daha sonra kollegiyanın ikinci mövzusu olan, Səhiyyə Nazirliyə daxil olmuş müraciət və təkliflərin, habelə qaynar Xətt Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması mövzusunu önə çəkdi. Səhiyyə Nazirliyini tərkibində yaradılmış və əhalinin müraciətlərinin dinlənilməsi və qısa vaxt ərzində həll olunması baxımından Səhiyyə Nazirliyinin tərkibində yaradılmış E-səhiyyə xidmətinin işinin təşkilindən danışdı. Nazir öz çıxışında dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırdı. Cənab nazir sonda bir daha Səhiyyə Nazirliyinin ünvanına daxil olan çoxsaylı minnətdarlıq müraciətləri ilə yanaşı digər məktubların, o cümlədən, işlə təminat, xəstəlik problemləri ilə əlaqədar istənilən müraciətin cavabsız qalmaması, diqqətlə nəzərdən keçirilməsini, və ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verdi.