Ədəbiyyat tribunası
Bu gün məmləkətimizdə bədii yaradıcılıqla məşğul olanlar həddindən artiq çoxdur. Və bu çoxluğun içərisindən yaxşiları, əsl bədii əsərləri seçmək də çətindir. Amma bütün bunlara baxmayaraq, yaxşı əsərlər daha tez özünə oxucu cəlb edə bilir və dillərdə əzbər olurlar.
Bu yaxnlarda Siyəzəndə yaşayıb-yaradan şair - həkim Firdovsi Hacısoy Ələmoğlunun "Minnətdaram Tanrıma" ilk şeirlər kitabını mənə təqdim etdilər. Bu kitabı böyük maraqla oxudum. Kitabda ən çox xoşuma gələn müəllifin şeirlərinin axıcılığı, müqəddəs "Quran"a bağlılıq, xalq rəvayətlərinə belə yaxşı bələd olmaq və mövzu rəngarəngliyi oldu. Kitabla tanışlıqdan bildim ki, Firdovsi Hacısoy Ələmoğlunun peşəsi həkimlikdir. Amma o, pozeya aləmini də dərindən və incəliklərinə kimi bilir. Sıyəzəndən olan dostlarım dedilər ki, Firdovsi həkim çox gözəl təbibdir. Hər gün ona böyük ümidlə çoxlu xəstələr müraciət edib, onun əllərindən şəfa tapırlar. Biz inanıriq ki, çoxminli oxucularımız da onun şeirlərini oxumaqla, onları düşündürən suallara bu şeirlərdən cavab tapmaqla, belə maraqlı bədii əsərlərdən layiqincə bəhrələnəcəklər. Firdovsi Hacısoy Ələmoğluna isə məsləhətim budur ki, ömrünün bu müdrik çağında, gənclik həvəsilə yazıb-yaratsın. Çünki deyilən və yazilan hər bir söz, bizdən gələcək nəsillərə yadigar qalir. Gələcək nəsillərimiz də bu günün tarixini, ab-havasını bizim əsl həqiqəti yazdiqlarmızla öyrənə bilərlər. Axı tarixlər boyu hər hökmdar tarixi özünə, öz düşüncə tərzinə, öz marağına uyğunlaşdirib və yazdırıb. Amma əsl, düzgün tarixi biz yalnız bədii əsərlərdən öyrənə bilirik. Necə ki, dahi yazarlarımız Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İnadəddin Nəsiminin, Qasım bəy Zakirin, Məhəmməd Hadinin və başqalarinın əsərlərindən həmin dövrlərin həqiqətlərini layiqincə öyrənə bilmişik.
Beləliklə, Firdovsi Ələmoğlu Hacısoyun yaradıcılığindan bəzi nümunələri sizə təqdim edirik. Buyurun tanış olun əziz oxucular.
Ağalar İDRİSOĞLU
Yazçı-rejissor, Əməkdar İncəsənət Xadimi
Firdovsi Ələmoğlu Hacısoy
Qibtə eləyirəm
(Gözəl xanım, Məryəm müəlliməyə ithat edirəm.)
Bəlkə düz qalmayıb yadımda mənim,
Qaraşın qız idin, sən dərs deyəndə.
Qaçardı dodağın, Məryəm müəllim,
Bizlə söhbət edib, deyib güləndə.
İti baxışların var idi onda,
Zəhmindən az qala tir-tir əsərdik.
Gör nələr var imiş tale yazımda,
60-ı ötdüm, sonra görüşdük.
Bir dəfə görüşdük səninlə yolda,
Dedim gəl aparım səni maşınla.
Yenə gülümsədin, qaçdı dodağın,
Dedin gedəcəyəm öz ayağımla.
Baxdım o ağarmış saçlarına mən,
İnan ki, kövrəldim özüm-özümdən.
Dedim qocalmısan, dinmədin nədən?!
Ağladın, göz yaşı axdı gözündən.
Sonra taleyindən danışdın mənə,
Nə qədər əzablar çəkmisənmiş sən.
Qibtə eləyirəm, müəllim sənə,
Yenə şagirdinlə deyib, gülürsən.
27.01.2014 0530 Siyəzən
O günə daş düşəydi
O günə daş düşəydi mən səni görən yerdə
Töküləydi gözlərim, kaş səni görməyəydim
Elə peşimanam ki, nə yerdəyəm nə göydə
"Məhəbbət kor olarmış" sözünü deməyəydim
Heyif gözəlliyyinə, xasiyyətin yox imiş
Niyə qamaşdı gözüm mən bunları görmədim,
Sənin acı sözlərin ürəyimə ox imiş
Sən danışdın, mən susdum xatirinə dəymədim
Kim deyir ki, məhəbbət ürəkdə yox, gözdədir.
Hər deyilən sözü biz məhək daşı etməyək
Sevəndə tələsməyək taxsır özümüzdədir
Hər görülən dağa biz, dağ deyib yüyürməyək.
20.12.2014
Mənim İlhamım
(Aşıqsayağı)
Bu gündən sabaha körpülər salan,
Xalqının gözündə hər gün ucalan,
Bayrağı hamıdan yüksəkdə duran,
Vardır ölkəmizdə tarix yazanım!
Gör nələr yaradır mənim İlhamım!
Vardır el içində böyük hörməti,
Ağ günə çıxıbdır onun milləti
Boldur vətənimin nefti, sərvəti,
Odur ümüd verən, odur həyanım!
Gör nələr yaradır mənim İlhamım!
Düşmənin gözünə ox kimi batır,
Ayağı altında milyonlar yatır,
Qara qızılını dünyaya satır,
Ona kömək olsun gözəl Allahım!
Pis gözə gəlməsin mənim İlhamım!
Firdovsiyəm, odur ilham verənim,
İlhamsız heç zaman yazmaz qələmim,
Halaldır dostlara duzum, çörəyim,
Vardır tükənməyən dövlətim, varım
Pis gözə gəlməsin mənim İlhamım!
Ona kömək olsun gözəl Allahım!
16.12.2014
Məmməd Araz
Özünə təxəllüsü,
Məmməd, Araz götürdü,
Araz kimi coşdu O ,
Araz tək, köks ötürdü.
Yazdı doğma vətəndən,
Həm səndən, həm də məndən,
Yaşadı kişi kimi.
Əl açıb dilənmədi,
Söz üçün o, kimsədən.
Dedi mənim Arazım,
Bu dərdi hara yazım.
İki sahildə qalıb,
Mənim baharım, yazım.
Arzusuydu birləşsin,
Güneylə quzeyimiz.
Kaş quruyaydı Araz,
Birləşəydi elimiz!
Niyə ayrı düşdük biz,
Kim idi təşkil edən.
Iki yerə bölündü,
Bir ikən, bütöv bədən.
Lənət pis adamlara,
Ikiyə böldü bizi.
Onlar həsrət qoydular,
Bir üzə, obri üzü.
Nə dedi dünyadan doymayanlara;
Dünya mənim, dünya sənin dedi O,
Dünya qalmayıbdır ulu şahlara.
Dünya heç kimindir dedi getdi O.!!!
16.02.2014. saat 18:30 Siyəzən
Kimlərə qalıb bu dünya
Ömür dönür günə aya,
Əriyib gedir haraya?!,
Pərtlik salmayaq araya,
Bir gün hamı köç edəcək,
Kimlərə qalıb, bu dünya?!.
Yeyib içib əylənirik,
Nə olacaq, bilməyirik,
Savaş gedir, dinməyirik,
Heç kəs gəlməyir haraya,
Kimlərə qalıb, bu dünya?!.
Dərd yığılıb qalaq-qalaq,
Dərdləri gəl birgə yuyaq,
Olmayaq biz soyuq, uzaq,
Məlhəm olaq bir yaraya,
Kimlərə qalıb, bu dünya?!.
Dindirməsən, dinmir qardaş,
Adam qalır tamam çaş-baş,
Söhbət edər, düşər savaş,
Ömrü verməyək havaya,
Kimlərə qalıb, bu dünya?!.
Gəlin olaq biz mehriban,
Can söyləyək, eşidək can,
Hamı desin qoy ucadan,
Birgə çataq arzulara,
Kimlərə qalıb bu dünya?!
17.01.2014 saat 03:50, Siyəzən
Həmyə gözəldi
Deyirəm hərənin bir vətəni var,
Mənim də vətənim Kiçik- Həmyədi.
Bol məhsul yetirən qumlu çölləri,
Mavi Xəzərimin sahilindədi.
Cərgəyə düzülüb üzüm bağları,
Vardır Fikrət kimi mərd oğlanları.
Yoxdu tanımayan bu qardaşları,
Adil də, Azər də hamı gözəldi,
Rauf seyr etdikcə baxıb dörd yana,
Deyir ehtiyac yox, burda dərmana.
Siz xoş gəlmisiniz bizim ünvana,
Gəlin yeyib – içək, dövran bizimdi.
Hər yan yamyaşıldır, həm dağ, həm dərə,
Çinarlar baş vurur uca göylərə.
Gözəldir həm Kiçik, Böyük Həmyə də,
Camaat mehriban, üzü gülərdi.
Firdovsi vəsf etdi doğma vətənin,
Söylədi o sizə, öz gördüklərin.
Çəkməsəm adını Hacı Fərəcin,
İnciyər qardaşım, qoy inciməsin.
Siyəzən 12.03.2014
Günahkar özüməm
Çoxdandır həsrətəm gözlərinə mən,
Nədən gözlərinə qaranlıq çöküb?!
Bəlkə dözməmisən ayrılığa sən,
Köhnə xatirlər yadına düşüb?!.
Yəqin yadındadır ilk görüşümüz,
Sən donub qalmışdın, mənsə baxırdım.
Məni ovsunladı parlaq gözlərin.
Bir cüt ulduz idi, göydən baxırdı.
Yəqin yadındadır, bir aylı gecə
gəlmədin görüşə görərlər bizi.
Bizə həmdəm oldu qaranlıq gecə.
O gün gəlməsəydin ölərdim düzü
Sarmaşıq kolu tək sarmaşardıq biz.
İçdən bir istilik alardı bizi.
Sakit pıçıltıyla danışardıq biz,
Eşidən olmasın qoy səsimizi.
Əlim toxunanda zərif telinə
Nədənsə əllərim əsərdi mənim.
Qolumu dolardın incə belinə
Sıxardım, deyərdim mənimsən, mənim.
Kim oldu günahkar sən bilmədin heç,
Bir şeytan əməli ayırdı bizi.
Bəlkə də gəlmisən günahımdan keç,
Günahkar özüməm, özüməm düzü!
18.12.2014
Ələbaxan olma sən
Başqasının yolunda öldürürsən özünü,
Bir gün də vaxt ayırıb, öz qayğına qalsana.
Söz deyirəm mən sənə, sən döyürsən gözünü,
Özgəyə yalvarınca, özünə yalvarsana.
Allah verib iki əl, iki də ayaq sənə,
Sən əyilib gəzirsən, niyə edirsən belə,
Ağılın da yerində, özün də dəftərsinə,
İşləmək istəmirsən, gücü verirsən dilə.
Bəsdir sən başqasının çörəyilə dolandın,
Sən də öz əməyinlə bir çörək qazansana.
Təhqiramiz sözləri yedin və daldalandın,
Barı deyilən sözdən nəticə çıxarsana.
Oğlun, uşağın baxır sənə, xəcalət çəkir
Bir onları düşünüb, bəlkə sən utansana
Hamı özü işləyir, özü əkib becərir,
Ələ baxan olma sən, zəhmətlə dolansana,
19.12.2014
El bir olsa, dağ oynadar yerindən!
(Heydər Əliyevin yaratdığı bir heykəl varsa da o,
"Müstəqil Azərbaycan Respublikası"dır)
Gəzdikcə ölkəni sevinir ürək,
Gərək tərəqqiyə biz qiymət verək,
Boldur məhsulumuz, boldur çay, çörək,
Gün-gündən, ay- aydan ucalır vətən!
El bir olsa dağ oynadar yerindən!
Cərgəylə düzülüb üzüm bağları,
Bal dadır yedikcə ağ salxımları,
Qubanın, Xaçmazıın ağ almaları,
Geriyə qalmayır heç də üzümdən
El bir olsa dağ oynadar yerindən!
Dünyaya səs salıb qara qızılmız,
Vurulub taylara ağ pambığımız,
Qələbə çalmaqdır bizim arzumuz,
Buna söz veririk ey doğma vətən,
El bir olsa dağ oynadar yerindən!
Bir yanda Kür çayı, bir yanda Araz,
Sağalar yaralar belə də qalmaz,
Əməllər bir olsa vətən basılmaz,
Bu sözlər necə də gəlir ürəkdən,
El bir olsa dağ oynadar yerindən!
Bu möhkəm təməli qurub yaradan,
Düşmənə əbədi bir zərbə vuran,
Gəlməyib dünyaya Heydər babadan!
Ona səcdə edir hər gəlib, gedən,
El bir olsa dağ oynadar yerindən!
Əritdi ömrünü yanar şam kimi,
Xalqına ehtiram, ehtişam kimi,
O, gəldi dünyaya bir tufan kimi,
Ona tay olarmı görən hər yetən?!
El bir olsa dağ oynadar yerindən!
Xalqın arxa bildi daim özünə,
Xalq da qulaq asdı böyük sözünə
Çiçəkləndi ölkə onun üzünə
Xoş müjdələr gəldi hər əməlindən
El bir olsa dağ oynadar yerindən!
"Bir millət iki dövlət" dedi həmişə
Düşmənin bağrını keçirtdi şişə
Dünya niyə düşüb görən təşvişə?!
Ayrıla bilmərik biz Türkiyədən
El bir olsa dağ oynadar yerindən!
14.12.2014
Ədalət zəfər çalacaq!
Səbəb nədir,
Unudulur keçmişimiz?!
Niyə görən müşgül olur,
Günü-gündən hər işimiz?!
Cavab budur,
Unudulur tariximiz.
Unudulur
Nizamimiz, Füzulimiz,
Unudulur
Xətaimiz, Sabirimiz.
Unudulur
Cəfərimiz, Müşfiqimiz.
Yaxşı deyib bil atalar,
Keçmişinə xor baxanın,
gələcəyi ola bilməz.
Kimsə bunu
başqa yerə
yoza bilməz.
Yaxşı deyib bil atalar
tökülən qan, yerdə qalmaz.
Belə günah bağışlanmaz.
Ey millətim,
Eşidin siz bu sözləri,
Cavab verin.
Harda qaldı deyin görən,
Qılıncdan da iti olan
Sözlərimiz?!
Harda qaldı deyin görən,
İgid Oğuz ellərimiz?!
Harda qaldı deyin görən,
Gələcəyə yol göstərən,
Yaşamağa ümid verən,
Şir ürəkli Heydərimiz?!
Elə isə...
Verin mənə Koroğlunun
Qır atını,
Verin mənə Babəkimin
qollarını
Verin geyim
qara dəri yapıncımı.
izin verin
Mən and içim
Ulu öndər məzarına!
Girim döyüş meydanına!
Ehey... igid qardaşlarım
Çəkinməyin, siz hay verin
harayıma,
Girim döyüş meydanına.
Koroğlu tək nərə çəkim,
Hücum edim,
At kişnədim,
qılınc çəkim.
Qoy diz çöksün
qabağımda düşmənlərim
Olaram mən sənə qurban!
Qalx ayağa Azərbaycan!
Düşmənlərə vermə aman!
Qalx ayağa Azərbaycan!
Bağışlamaz bunu bizə,
Qoca tarix, şahid zaman!
Azərbaycan bir ordu ki,
Tarix boyu o yenilməz.
Azərbaycan bir ordu ki,
düşmən ona bata bilməz.
Azərbaycan bir ordu ki,
Torpağını almayınca,
gecə-gündüz yata bilməz.
Yoxsa vicdan əzabından,
Şəhidlərin harayından,
Yaşamaq çətin olacaq.
Alınmasa torpağımız,
qazılacaq məzarımız.
Düşmən bizə əl çalacaq.
Tələsin siz qardaşlarım
Hazır olun müharibəyə
Bu qan yerdə qalan deyil,
az qalıbdır qələbəyə
Qələbə bizim olacaq!
Ədalət zəfər çalacaq!
24.12.2014
Deyirsən gedirəm...
Deyirsən gedirəm, bir söz demirəm,
Arxanca ağlayan körpələr baxır.
Məndən incimisən, bunu bilirəm,
Onların günahı nə idi axı!
Nə dəydi, xətrinə incidin məndən,
Yersiz bəhanələr gətirmə yenə.
Niyə adi sözdən de inciyirsən,
Daha sözüm yoxdur deməyə sənə!
Mən bilirəm, nədir səni çaşdıran,
Daş-qaş hərisliyi tutub gözünü.
Kimdir de aranı, de qarışdıran,
Yoxsa unutmusan sən keçmişini!
Həyat qəlib deyil girib içinə,
Yaşayaq dünyadan xəbərsiz kimi.
Dünyanın dərdlərin salma içinə,
Əriyib gedərsən parça buz kimi!
Məndən soyumusan, inciməyirəm,
Barı uşaqlardan soyuma gəl sən.
Mən çıxıb gedərəm, körpələrini,
Ana qucağına həsrət qoyma sən!
10.10.2014
Dərsini tarix verəcək
(01.08.2014 xəbərlərdən)
Bu gün on bir şəhid vermişik deyir,
Yenə xəbərlərdə aparıcılar.
Çoxları barlarda eyş, işrətdədir,
Hər yana səs salib göy qırıcılar!
Vicdan diksinməyir, can incinməyir,
Ağlımızı yaman itirmişik biz.
Analar dayanıb tabut gözləyir,
Buna necə dözür daş ürəyimiz!
Budurmu həqiqət, budurmu vicdan,
Hər yanda çalınır toy məclisləri?!
Cənazə qoyulur yerə tabutdan,
Bizi haraylayır şəhid səsləri!
Ehey...! qardaşlarım havamı çalın!
Qoy mən də qoşulum sizin dəstəyə!
Yox, yox siz tez məni məzara salın!
Əziyyət verməyim daha kimsəyə!
Dayanın! Çalmayın! Atışma gedir,
Bilmirsiz, dünyada oynaşma gedir.
Kimi silah tutur, vuruşa gedir,
Kimlərsə kənardan tamaşa edir.
Biz susuruq, düşmən həddini aşır,
Daha düşünməyir qonşuyuq axı.
Hörmət eylədikcə yolunu çaşır,
Heç vaxt fikirləşmir bu gün-sabahı.
Tarixin təkəri dönübdür yenə,
Ölkələr içinə çaxnaşma düşüb.
Neçə göz dikilib doğma ölkəmə,
Çatan deyir ordan bizə pay düşür.
Yenə quduzlaşıb ac ermənilər,
Toxuyur özünü iti qılınca.
Onlar da özlərin millət bilirlər,
Millət olmadınız tarix boyunca.
Cumma üstümüzə, ey quduz köpək,
Çixsan müdvərindən məhf olacaqsan!
Gözlə sən, dərsini tarix verəcək,
Çöllü – biyabanda tək qalacaqsan!
05.08.2014
Demə məhəbbət də saxta olarmış
Gecələr gözümü sıxıb yastığa,
Sənin həsrətinlə ağlayıram mən.
Artıq öyrənmişəm mən tənhalığa,
Hər gecə yasını saxlayıram mən.
Niyə dönük çıxdın sən öz əhdinə,
Bir nakam sevgiyə tuş etdin məni?!.
Yəqin sən durmuşdun mənim qəsdimə,
indi bağışlayım necə mən səni?!.
Verdim gəncliyimi, verdim yellərə,
Aldanıb mən sənin şirin dilinə.
İndi gecdir daha, düşdüm əllərə,
Mən səni boğardım keçsən əlimə.
Demə məhəbbət də saxta olarmış
Saxta buraxılan qara pul kimi
Kor etdi bil məni, o, saxta baxış
Tutub gözlərimi qara tül kimi
04.12.2014
"Çıraq" söylədilər sənin adına
(22 ildən artıq redaktoru olduğu İlyas müəllim başda olmaqla Siyəzən rayon "Çıraq" qəzetinin yaradıcı heyətinə ithaf edirəm)
Çoxlarının işıq saldın yoluna,
Neçə yazarların tutdun əlindən.
"Çıraq"söylədilər sənin adına
Məni də bu yola cəlb elədin sən.
Neçə qəzetlərə nümunə oldun,
Həyat işıqlandı nömrələrində.
Sən ağ vərəqlərdə ömür yaşadın
Tarixlər yaşandı səhifələrində.
22 il, böyük ömürdür
Bu ömrü yaşadan sizlərə alqış.
Hər nömrən tarixdə bir xatirədir,
Tarixi yaşadan insana alqış.
Sənin həvəsinə şeir yazıram,
"Sən" də nəşr edirsən nömrələrində.
Mən, sənin imzanı "İlyas" yazıram,
Buna layiqi var müəllimin də.
Siyəzən 18.06.2014
Bircə məhəbbəti alma əlimdən
Hər deyilən sözə inanma gülüm,
Məhəbbət gələndə heç yaşa baxmır.
Məhəbbət elə bir fırtınadır ki,
Gələndə enişə, yoxuşa baxmır.
Demə məhəbbətdən yazma sən daha,
Məhəbbət olmasa mən nə edərdim?!
Məhəbbətsiz həyat varmı sən allah?!
Məhəbbətsiz səni necə sevərdim?!
Bil dünyalar qədər istərəm səni,
İstəsən pay verim lap ömürümdən.
Əgər zərrə qədər sevirsən məni,
Bircə məhəbbəti alma əlimdən.
Məhəbbətsiz həyat heç varmı görən?!
Firdovsi de onsuz yaşarmı görən?!
Hər nəyim varsa da al sən əlimdən
Bircə məhəbbəti alma əlimdən!
20.12.2014
Çiçəklən, çiçəklən Azərbaycanım!
(Aşıq havası)
Tarixlər şahidi qədim Naxçıvan
Boy atır, ucalır hər gün durmadan,
Ey yaşıl ormanlı gözəl Lənkəran,
Sizə qurban olsun bu əziz canım!
Çiçəklən, çiçəklən Azərbaycanım!
Var gözəl qızların, mərd oğlanların,
İşıqlı sabaha gedir yolların
Gəlin alqışlayaq bu insanları,
Sənə qurban olsun bu əziz canım!
Çiçəklən, çiçəklən Azərbaycanım!
Açıb qucağını bu gün Siyəzən,
Qonaq qarşılayır yenə deyəsən,
Üzümü, qarpızı gəlir Həmyədən
Boldur məhsulumuz, boldur ay canım!
Çiçəklən, çiçəklən Azərbaycanım!
Firdovsiyəm gəzir göydə xəyalım,
Hələ qabaqdadır çox arzularım,
Heyranam hüsnünə doğma diyarım!
Sənə qurban olsun bu əziz canım!
Çiçəklən, çiçəklən Azərbaycanım!
17.12.2014
Bu dünyanı, sən nə bilmisən
Alıb ağuşuna ilk gündən bizi,
Çəkir başımıza sığalı dünya.
Sonra bir fənd ilə qatlayır dizi,
Utanıb eləmir, həyalı dünya!
Kimi at oynatdı, çəkdi qılıncın,
Nə qədər məzlumun başını kəsdi.
O, həm dərdin verdi, həm də əlacın,
Bilin, başdan-ayaq hiylədi dünya!
Çəkib örpəyini gözünün üstə,
Dedi ki, görmürəm, bəxtini istə.
Kimini şad etdi, kimini xəstə,
Niyə deyirlər bəs, yalandı dünya.
Aldı əlimizdən, ata, ananı,
Axdı göz yaşımız, o diksinmədi.
Allah verənidi, o aparanı,
Olub keçənləri bilmədi dünya!
Qoydu başımıza dünya, tacını,
Tökdü üstümüzə, ağrı, acını.
Dərddən, unutdu bil, qardaş bacını,
Görən niyə belə sirlidi dünya?!
Firdovsi, halını pozma heç də sən,
Gözlə öz növbəni, gələcək növbən.
Bu qoca dünyanı, sən nə bilmisən,
Hərəni yoluna qoyandı dünya,
Heç kim söyləməsin yalandı dünya!
Siyəzən 21.02. 2014
Bu dünya heç kimindir
Mənim bircə dünyam var,
O, da mənim içimdə.
Mənim bircə aynam var,
Göstərər bir biçimdə,
Dünyaya gələn gündən,
Dünyam da doğuldu tən,
Yer axtardım özümə
Məskənim oldu Vətən,
Görən niyə doğulduq,
Varmı səbəbin bilən?!
Dərd içində boğulduq,
Nə çoxdur dərddən ölən.
Çağırırsan hay vermir,
Görən dünya nəyimdir?!
O, yaxın, uzaq, bilmir,
Bu dünya heç kimindir
09.05.2015
Çağlayan bulaqdır mənim ilhamım
İstərəm mən dağdan, arandan yazım,
İstərəm ürəkdən, mən candan yazım,
İstərəm bu gözəl dövrandan yazım.
Qaynayır damarda, qaynayır qanım,
Çağlayan bulaqdır mənim ilhamım!
İstərəm dağları çəkəm nəzimə,
Arxayın deyiləm bir az özümə,
Qələm də baxmayır deyən sözümə,
Onda qoy mən çöldən, çəməndən yazım,
Çağlayan bulaqdır mənim ilhamım!
Qədim "Çıraqqala" qeyrət qalası,
Durur keşiyində hər daş, qayası,
Sərin bulaqları bir buz baltası,
Mən necə yazmayım, necə yazmayım,
Çağlayan bulaqdır mənim ilhamım!
Çox arzular keçir bil ürəyimdən
İstərəm Qusarı vəsv eləyim mən,
Xoş müjdələr gəlir ləzgi elindən,
"Can qardaş" deyərək tutur əlimdən,
Mən belə dostlardan necə yazmayım,
Çağlayan bulaqdır mənim ilhamım!
Süfrəsi açıqdır onun qonağa,
Bircə yol düşəydim mehman olmağa,
Qonaq edəydilər bala, qaymağa,
Bu gözəl diyardan necə yazmayım,
Çağlayan bulaqdır mənim ilhamım!
Firdovsi heyrandır sənə Qusarım!
18.12.2014
Böyük Firdovsilər yaratdı bəlkə...
Deyirlər yazma sən, öncə yazıblar,
Daha şeir düşüb, söz düşüb dəbdən.
İndiki yazarlar heç nə yazmırlar,
Şeir də bilmirlər daha əzbərdən.
Bəlkə də həqiqət var bu sözlərdə,
Kim deyir ilhamı saxlamaq olar?!,
Şairlər özünü tapar şeirdə,
Şairi yazmaqdan saxlamaq olar?!
Əvvəl Nizamidi, sonra Füzuli.
Ana dillərində yaza bilmədi
Hakim kəsilmişdi Fars, Ərəb dili,
Tarixin gərdişi demə belədi.
Şerimi oxuyub anlamaq üçün,
Sinxron tərcümə lazımdır mənə.
"Dəstədən geriyə qalmamaq üçün",
Gərək sahib olam mən Fars dilinə.
Bu nə ittihamdı, nə mühakimə.
Kimdir xor baxanlar ana dilimə?!
"Oxuyanda sən güc ver Ərəb dilinə"
Sonra da desinlər Ərəbdəndönmə
Mənalı bir şeir yazan kimi mən,
Deyir köçürmüsən sən Nizamidən.
Şeri çatdırmamış yazıb mən sona
Deyir oxşatmısan Səməd Vurğuna
Nə deyim xırdalıq axtaranlara,
Gəlin biz, bir nəzər salaq tarixə.
Yerində söyləndi azman xanlara:-
Azərbaycan kimi kiçik bir ölkə
"Böyük Firdovsilər yaratdı bəlkə"
Siyəzən şəhəri, 15.12.2014