"Beynəlxalq səviyyədə Azərbaycanda mobil operatorların monitorinqi aparılıb". SİA-nın məlumatına görə, bu sözləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa Oyunlarında Azərbaycanın paytaxtı və Mingeçevir şəhərlərində mobil operatorlarla bağlı aparılan monitorinqlərdən sonra xidmət yükünün 2-3 dəfə artırılması nəzərdə tutulur. Hazırda testlər davam etdirilir və lokal problemlər qısa zamanda aradan qaldırılacaq: "Vəziyyət bu günkü gün üçün pis deyil. Biz hesab edirik ki, Bakı və Mingeçevir şəhərlərində mobil operatorların xidmət yüklərinin 2-3 dəfə artırılmalıdır. Sistemə yük verildikdə müəyyən problemlər yarana bilər. Buna görə də, hazırda testlər davam edir. Bütün mühəndislər, texniki ekspertlər yığışıb bütün sualları, çətinlikləri bir- bir müzakirə edəcəklər. Mühəndislər mənə söz verirlər ki, orada olan lokal problemlərdir və tezliklə bu problemləri aradan qaldıracaqlar".