Daha şeir yazanmıram,
Qarabağım girov düşüb.
Yazılanı pozanmıram,
Qeyrətim başdan sürüşüb.
Xocalı sızlar içimdə,
Gedənim yox, gələnim yox.
Kəlbəcər gəlin biçimdə,
Elçisinə gələnim yox.
Yoxsa ölüb Koroğlular ?
Yoxsa ölüb Cahandarım ?
Yoxsa ölüb Cavad xanım ?
Bəlkə yoxmuş Qarabağım ?
Yerin behişt Mirzə Cəlil,
İndi bizi oyadardın.
Lap "Danabaş" söyləyərdin,
Ta ki, bizi ayıldardın.
" Qara çoban" olanmadıq,
" Hay" lar dağda at çapırlar.
Xocalıda qalanmadıq,
Qarabağda at satırlar.
O yerlərsiz Vətənim yox,
Vətən tacım ora idi.
Yatanmıram, sinəmdə ox,
Demə, bəxtim qara idi.
İstəyirsiz söyün məni,
O torpaqsız qalanmıram.
İstəyirsiz bölün məni,
Mən Şuşasız, yaşamıram.
Dayandırın mahnıları,
Bircə muğam səsi gəlsin.
Qıfıllayın sarayları,
" Xan əmi"nin səsi gəlsin.
Bir can nədir Vətən üçün,
Mənə " Şəhid" də deməyin.
Ölüm nədir ölən üçün,
Mənə Vətənsiz- deməyin.
Anam Vətən, atam Vətən,
Dar günündə yanam, Vətən,
Bircə sənə çatam, Vətən,
Mənə Vətənsiz- deməyin,
Mənə Vətənsiz- deməyin.
Arif Qədimov