Müstəqillik Azərbaycan xalqının ən qiymətli sərvətidir

26 May 2015 18:01 (UTC+04:00)

Bütün dünyaya məlumdur ki, müasir Azərbaycanın müstəqilliyə gedən yolu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Tariximizin şanlı səhifəsi olan Azərbaycan Demokratik Respublikasının yaranmasından 97-il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması millətimiz üçün unudulmaz, tarixi bir hadisə kimi həmişə yaddaşlarda qalacaqdır. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyinə qovuşurdu. Bugünkü müasir Azərbaycan dövləti, məhz Azərbaycan Demokratik Respublikasının varisidir. Bu tarixi hadisə islam dünyası üçün də yaddaqalan bir tarix idi. İlk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranırdı. Baxmayaraq ki, Azərbaycan Demokratik Respublikası çox qısa ömür sürdü, amma mövcud olduğu 23 ay ərzində böyük işlər görüldü. Dövlət atributları, qürurla başımız üzərində dalğalanan üçrəngli Dövlət Bayrağımız təsdiq edildi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan Azərbaycan Dövlət Himni qəbul olundu, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykəndi. Düzdür, həmin ərəfədə müsbət işlərlə yanaşı, xalqımız böyük itkilərlə də qarşılaşdı. Belə ki, əzəli torpaqlarımız olan İrəvan xanlığı Ermənistana birləşdirildi. Lakin bütün bunlara rəğmən, Azərbaycan ən qiymətli nemət olan müstəqilliyi dada bildi.

Ümummilli Lider Heydər Əliyev bu şanlı tariximizi həmişə yüksək qiymətləndirmiş və dəyərli fikirlərini bildirmişdir. Ulu Öndər Heydər Əliyev: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Bunlara görə .... Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcək".

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımız 70 il Sovet İttifaqının tərkibində yaşamışdır. Bu tarixin də həm müsbət, həm də mənfi tərəfləri vardır. Düzdür, Azərbaycan müstəqilliyini itirmişdi, xalqımız azadlıqdan məhrum edilmişdi və Azərbaycan xalqı öz taleyinin sahibi deyildi. Ancaq bununla bərabər, müsbət məqamlar da kifayət qədər çox olmuşdur. Azərbaycanda təhsilə xüsusi önəm verilirdi. Təkcə təhsilimiz deyil, səhiyyə, mədəniyyət sahəsində də müsbət irəliləyişlər az deyildi. Elmi-texniki tərəqqinin inkişafında böyük xidmətləri olan, milliyətcə azərbaycanlı alimlərin xeyli hissəsi, məhz sovetlər birliyi dövründə yetişmişdir. Müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasında, SSRİ vaxtında yetişmiş alimlərin, ziyalıların, dövlət məmurlarının da rolu az deyildir.

İttifaq tərkibindəki Azərbaycan Respublikası, öz inkişafına Ümummilli Lider Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra daha çox nail oldu. Xüsusilə, 70-80-ci illərin əvvəllərində Azərbaycanda sənaye istehsalının inkişafında çox böyük işlər görülmüşdür. Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra respublikada köklü dəyişikliklər baş vermişdir. Heç kəsə sirr deyil ki, o vaxta qədər Azərbaycan sovetlər birliyi tərkibində geridə qalmış respublika idi. Heydər Əliyev fenomeninin gərgin əməyi sayəsində Azərbaycanda bütün sahələrdə inkişaf başlandı. Bu inkişaf nəticəsində böyük sənaye potensialı yaradıldı ki, bu gün də müstəqil Azərbaycana xidmət edir. Qısa müddətdə Ulu Öndər Heydər Əliyevin səriştəsi, bacarığı və şəxsi nüfuzu sayəsində Azərbaycan Respublikası SSRİ tərkibində iqtisadi cəhətdən ən inkişaf etmiş respublikalar sırasına yüksəlmişdir. Onun bu fitri istedadı, idarəetmə bacarığı SSRİ rəhbərliyi tərəfindən də layiqincə qiymətləndirilmiş və onu irəli çəkərək, Moskvaya yüksək vəzifəyə təyin etmişdilər.

Ulu Öndər Heydər Əliyev SSRİ-də rəhbər vəzifəyə yüksələndən sonra da, həmişə öz vətəninə, Azərbaycana xüsusi diqqət və qayğı göstərmişdir. O, milli kadrların yetişdirilməsi sahəsində mütəmadi olaraq, xüsusi tapşırıqlarını verir, Azərbaycan gənclərinin SSRİ ali təhsil müəssisələrində təhsil almaları üçün şərait yaradırdı. Milli kadrların yetişdirilməsində hərb sahəsi də Ulu Öndərin diqqət mərkəzində idi. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Hansı ki, Müasir Azərbaycan Respublikası ilk müstəqillik illərində bir çox sahələrdə olduğu kimi, hərb sahəsində də həmin milli kadrlardan istifadə etdi. Lakin o vaxtkı SSRİ rəhbəri M.Qorbaçov Heydər Əliyev dühasını qısqandığı üçün Ona təzyiqlər göstərməyə başladı və sonda da Onu Kremldən uzaqlaşdırmağa nail oldu. Bundan sonra Azərbaycan xalqı Moskvadakı dayağını itirdiyi üçün, daha çox təqiblərə məruz qaldı. Bu hadisədən sonra Azərbaycana qarşı etnik təmizləmə siyasəti başlandı. Azərbaycan çox böyük problemlərlə üzləşdi. Bir çox kütləvi qırğınlar, o cümlədən, 20 yanvar qırğını da törədildi. Həmin dövrdə Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Qorbaçovu açıq-aşkar ittiham etməsi, onların Azərbaycan xalqına qarşı etdikləri vəhşiliyi faktlarla göstərməsi böyük cəsarət və qorxmazlıq tələb edirdi. Dahi Öndər Heydər Əliyev bu hərəkətiylə bir daha Azərbaycana, öz xalqına olan hədsiz sevgisini, sədaqətini bütün dünyaya sübut etdi.

SSRİ-də gedən siyasi proseslər onun süqutuna gətirib çıxaran zaman Azərbaycan da öz müstəqilliyini elan etdi. Lakin bu zaman da müstəqil Azərbaycanı məkrli qonşuları rahat buraxmadılar. Belə ki, Azərbaycan yenicə müstəqilliyini əldə etmişdi ki, zorla onu müharibəyə sürüklədilər. Torpaqlarımız havadarlarının dəstəyi ilə erməni cəlladları tərəfindən işğal olunmağa başladı. Müstəqilliyimizin ilk illərində, xüsusilə, 1992-1993-cü illərdə Şuşa, Laçın və Kəlbəcərin işğalı nəticəsində Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı ki, bu, sonrakı müharibə dövründə bizim üçün çox mənfi təsir göstərdi. Zorla müharibəyə cəlb olunan müstəqil Azərbaycan dövləti, daxili siyasi çəkişmələrlə günbəgün öz müstəqilliyini itirməyə doğru gedirdi. Xalqımız dar günündə üzünü Naxçıvana tutaraq, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevdən kömək istədi. O da həmişə olduğu kimi, bu dəfə də xalqının dar günündə həyatı təhlükədə olmasına baxmayaraq, öz sinəsini irəli verdi. Heydər Əliyev Bakıya dönməklə öz şəxsi nüfuzundan istifadə edərək, vətəndaş müharibəsinin qarşısını aldı və yenicə yaranmış müstəqil Azərbaycan dövlətini bütün bəlalardan xilas etdi.

Bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, müasir Azərbaycan Respublikasının günbəgün inkişaf etməsində, Heydər Əliyevin neft strategiyasını, Onun neft siyasətini xüsusilə qeyd etmək lazımdır. Belə ki, həmin dövrdə Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Bu böyük neft sazişi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi. Əgər o vaxt bu cəsarətli və uzaqgörən addımlar atılmasaydı, bizim bugünkü iqtisadi və siyasi inkişafımız tam başqa istiqamətdə gedə bilərdi. O dövrdə çətin, ağır şəraitdə, müharibənin dayandırılmasına, atəşkəs elan olunmasına nail olan Ulu Öndər, elə ilk aylarda da cəsarətli və müdrik addım ataraq, neft sazişləri imzalamaqla, müstəqilliyimizi daha da möhkəmləndirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin atdığı uzaqgörən və cəsarətli addımlar sayəsində, Azərbaycan Respublikası bugünkü uğurlu inkişafına gəlib çıxmışdır. Təsadüfi deyil ki, məhz həmin illərdə Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Azərbaycan dünya dövlətləri sırasına qoşulmağa başladı və böyük beynəlxalq təşkilatların üzvü oldu. Bundan sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Azərbaycanın üçrəngli bayrağı dünyanın nüfuzlu təşkilatları sırasında dalğalanmağa başlandı. Beləliklə də, Heydər Əliyevin siyasi səriştəsi, nüfuzu sayəsində, həmin dövrdə Azərbaycana böyük həcmdə investisiyaların gətirilməsinə başlanıldı.

Bir sözlə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra, dövlətçiliyimizin möhkəm siyasi, iqtisadi və ideoloji əsasları qoyulmuşdur. Bütün dünyaya, o cümlədən də, xalqımıza məlumdur ki, müasir Azərbaycanın müstəqilliyə gedən yolu Heydər Əliyevin adı ilə bağlıdır. Hələ SSRİ dövründə ilk dəfə olaraq Naxçıvanda bizim milli, üçrəngli bayrağımız məhz Heydər Əliyev tərəfindən dövlət bayrağı elan edilmişdi. Sovet İttifaqının saxlanmasına yönəlmiş referendum həmin dövrdə Naxçıvanda keçirilmədi və beləliklə də Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində müstəqilliyə aparan ilk ciddi addımlar atıldı.

Ümummilli Liderin Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın Dövlət Müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqil olması yolunda, onun ayaqda dura bilməsi, büdrəməməsi yolunda öz sağlamlığını belə itirdi. Lakin O, bu yoldan dönmədi və Azərbaycan Respublikasının müstəqil yaşaması üçün, əlindən gələni etdi. Ümummilli Liderimiz öz çıxışlarında, həmişə Azərbaycanın müstəqillik qazanmasına xüsusi önəm, dəyər verirdi.

Heydər Əliyev: "Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. ...Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir".

Ulu Öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.

Azərbaycanda bu gün də Heydər Əliyev siyasəti və siyasi islahatları daha müasir formada davam etdirilir. Bu gün Azərbaycanın yerləşdiyi bölgədə mövqeləri yüksək səviyyədə möhkəmlənib. Respublikamızın təşəbbüsü ilə həyata keçirilən layihələr, həm Azərbaycan üçün, həm də bu layihələrdə bizimlə bərabər iştirak edən ölkələr üçün böyük səmərə verir. Bu gün Azərbaycan demokratiyanın inkişafına çox böyük əhəmiyyət verir. Dünyanın bu sahədə böyük təcrübəyə malik olan ölkələrinin müsbət təcrübəsi öyrənilir və Azərbaycanda tətbiq edilir.

Daim vətənimizin, xalqımızın gələcəyini düşünən Ümummilli Liderin əvəzsiz xidmətlərindən biri də, Onun zamanı qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Azərbaycanı uğurla idarə edən xarizmatik lider yetişdirməsi oldu. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Çünki beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Odur ki, Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətinin məntiqi sonluğudur. Azərbaycana olan etibar və inamın nəticəsidir ki, bir çox tədbirlərin keçirilməsi məhz Azərbaycana həvalə olunur. Buna bariz nümunə kimi bu yaxınlarda keçiriləcək ilk Avropa Oyunlarını göstərmək olar. Azərbaycan Avroviziya mahnı yarışmasına ev sahibliyi edərkən, respublikamızın nə qədər sivil, inkişaf etmiş, sabit ölkə olduğunu sübut etmişdir. Bu gün istər Avropa, istər də dünyanın digər aparıcı dövlətləri Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır və ona güvənir.

Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biri də ölkəmizin dinamik inkişafıdır. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açıb. Bütün bu uğurların kökündə dayanan əsas amil 1993-cü ildən sonra Azərbaycanda formalaşmış yeni siyasi kursdur. Azərbaycan cəmiyyəti Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu kursu ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə çalışan Prezidentdir.

Dövrün reallıqları həm də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ən parlaq təcəssümü ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Modernləşmə xəttinin lideri olan Prezident İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır. Bu gün dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanda sabit, ictimai-siyasi vəziyyət mövcuddur. Xalqla iqtidar arasında vəhdət vardır. Ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur. Prezident İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirir. Məhz Ulu Öndər Heydər Əliyev siyasəti, Onun siyasi kursunun layiqli davamçısı olan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi. Bu mənada İlham Əliyev faktoru Azərbaycanın xarici siyasət maraqlarının reallaşmasında xüsusi mövqeyi ilə seçildi. Bu amil özünü ən çox ölkəmizin böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesində Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipiallıqda göstərdi. Azərbaycanı təslimçiliyə sürükləmək istəyənlərə aydın oldu ki, Azərbaycan Dağlıq Qarabağın qoparılması ilə heç vaxt barışmayacaq. Bunu şərtləndirən amillər isə kifayət qədər ciddi məqamlara dayanıb. Çünki artıq neçə illərdir ki, Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf dövlətimizi dünyada inkişaf etmiş ölkələr sırasına yüksəldib və Qafqazda lider dövlətə çevirərək, müstəqilliyimizi daha da möhkəmləndirib.

Azərbaycan xalqı təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasəti dəstəkləyir və dövlət başçısının qətiyyəti sayəsində tezliklə Qarabağın da Azərbaycana birləşdirilməsinə nail olacağına inanır. Məhz Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası isə həmişə azad və müstəqil olacaqdır!