"Bakı-2015" birinci Avropa Oyunları Polşa üçün çox əhəmiyyətlidir, Azərbaycan üçün isə öz imkanlarını, tarixini və mədəniyyətini göstərmək baxımından gözəl imkandır. Bu sözləri azərbaycanlı jurnalistlərlə görüşdə Polşa Olimpiya Komitəsinin prezidenti Andjey Krasnitski söyləyib. O bildirib ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti üç həftə əvvəl Varşavada olub. Görüşdə Polşanın idmançıları Bakıda birinci Avropa Oyunlarında iştirak edəcək bütün idman federasiyalarının prezidentləri iştirak ediblər. Görüş çərçivəsində "Bakı-2015" Oyunlarının təqdimatı olub. Təqdimatda polyak dilində titrlərlə müşayiət olunan film göstərilib. Polşa Olimpiya Komitəsinin prezidentinin sözlərinə görə, birinci Avropa Oyunları haqqında film komitənin saytında yerləşdirilib.
Avropa Oyunlarında Polşa missiyasının rəhbəri Henrik Urbas Avropa Oyunlarına hazırlıq çərçivəsində Azərbaycanın gördüyü işləri qiymətləndirərək bildirib ki, ölkənin hazırlaşmaq imkanı çox az – cəmi iki il olub. Lakin bu qısa müddətdə görülən işlər insanı sadəcə mat qoyur. Çox az vaxtda necə möhtəşəm idman obyektləri inşa edilib və bərpa olunub. Bu obyektlər 2012-ci il futbol üzrə Avropa çempionatının matçlarının keçirildiyi bizim stadionları xatırladır. Sizin Varşava Milli Stadionunu xatırladan Olimpiya Stadionunuzu, Gimnastika Arenasını, Su İdmanı Sarayını xüsusi vurğulamaq istəyirəm. Müasir və modern üslubda inşa edilən bu obyektlər hələ uzun müddət Azərbaycan xalqına və dünya idmanına xidmət edəcək.
H.Urbas daha sonra deyib: "Oyunlara hazırlıq ilə əlaqədar bir neçə dəfə Bakıda olmuşam. Orada London Yay Olimpiadasının təşkilində iştirak edən adamları görmüşəm. Bu, çox məsələlərin həllində kömək edir. Bu işdə təcrübəsi olan adamlar faydalı məsləhətlər verirlər". Bakının yay Olimpiya Oyunlarının keçirilməsinə artıq iki dəfə namizədliyini irəli sürdüyünü xatırladan H.Urbas deyib ki, Avropa Oyunları keçiriləndən sonra Bakının 2028-ci il Olimpiya Oyunlarının keçirilməsinə sifariş verməyə yaxşı imkanı olacaq.
H.Urbas hətta Bakının yay Olimpiya Oyunlarını harada keçirə biləcəyi barədə fikirlərini bölüşərək bildirib: "Olimpiya kəndinin arxa tərəfində onu genişləndirmək üçün gözəl imkan var. Yaxşı obyektləri olan Bakının şansı Avropa Oyunlarından əvvəl ilə müqayisədə xeyli çox olacaq.
Bu gün Varşavada Olimpiya pikniki keçiriləcək. "Bakı-2015" birinci Avropa Oyunları 30-40 min adamın iştirakı gözlənilən piknikin əsas mövzusu olacaq. Piknikdə Azərbaycanın Polşadakı səfirliyi birinci Avropa Oyunlarının təqdimatı ilə çıxış edəcək.