Bu televizorun qalınlığı bir millimetrdir

22 May 2015 19:55 (UTC+04:00)

Koreyanın LG kompaniyası qalınlığı cəmi 0,97 millimetr olan televizoru nümayiş etdirib. Qurğu o qədər yüngüldür ki, onu divara asanlıqla yapışdırmaq olar. Qərb mətbuatı artıq ona "teleoboy" adı verib. Rusiyanın NTV telekanalı xəbər verir ki, həddən artıq nazik televizorun 55 düymlük displeyi OLED texnologiyası ilə hazırlanıb. Adi LCD-televizor işıqsaçan döşənəkdən, maye kristal qatından və müxtəlif filtrlərdən ibarət mürəkkəb və çoxlaylı konstruksiyadır. OLED texnologiyası belə çətin quruluşa malik deyil və lazım olan hər bir komponent bir qatda yerləşdirilib.

Lakin ucuz və ultra-nazik televizorların mağazalarda günü sabah peyda olacağını gözləmək əbəsdir. LG kompaniyasının məlumatına görə, OLED panellərin qiyməti yalnız 10 ildən sonra ucuzlaşaraq ənənəvi maye kristallı panellərin qiymətinə enə bilər.