Yenə də aşiq oldum,
Mələk kimi birinə.
Çikək kimi incəyə
Baldan belə şirinə.
Bu neçənci sevgidir
Yaşıyıram İlahi?
Mən nə böyük məhəbbət,
Daşıyıram İlahi.
Yenə də aşiq oldum
Ürəyim əsir yenə.
Bir gözəlin könlünə
Düşmüşəm əsir yenə.
Qar kimi ağ üzündə
Cənnətin özü gülür.
Bu ayrı gözəllikdir
Güləndə gözü gülür.
Yenə də aşiq oldum
Bütün məhəbbətimlə
Heç işiniz olmasın
Mənim sədaqətimlə.
Bu saflığın önündə
Gözümü yumum necə.
Bu ilahi gözəllik
Möcüzədir sadəcə.
Yenə də aşiq oldum
Yuxudan duran kimi.
Dünən də vurulmuşdum
Üzünü görən kimi.
Çoxunun inadına
Nə bezdim, nə yoruldum.
Mənki eyni qadına
Yenə də aşiq oldum
Yenə də aşiq oldum.
Nüsrət Həsən