Prezident!

21 May 2015 12:44 (UTC+04:00)

Elə məsələlər var ki, onlar haqqında yazmağa, danışmağa tələsmirsən. Daha doğrusu, tələsmək doğru olmur. Düşünməli, gözləməli, prosesləri izləməli və ciddi təhlil etdikdən sonra yazmalı olursan.

Prezident İlham Əliyevin Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin zirvəsində iştirakıyla bağlı da belə bir durum vardı. Yazmaq və qatılıb-qatılmamasıyla bağlı fikirlərimi paylaşmaq haqqında düşünürdüm. Amma gözlədim. Gözlədim ki, düşündüyüm baş verəcəkmi?

Baş verdi. Prezident Əliyev Riqa zirvəsini inkar etdi, qatılmadı. Düzdür, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov diplomatiya gərəyi bunu 1-ci Avropa Oyunları öncəsi ölkədə işlərin çoxluğuyla əlaqələndirdi. Amma digər mənbələrdən sızan bilgilərdə Prezidentin onunla diktə dilində danışmaq istəyən Avropa Birliyini sadəcə inkar etdiyi açıq-aşkar görünür!

Bəli, mən belə düşünməyə daha çox meylliyəm. Azərbaycan Prezidenti sözdə deyil, əməldə göstərdi ki, heç bir xarici qüvvə onunla, onun başçılıq etdiyi dövlətlə diktə dilində danışa bilməz!

Bu davranışı təqdir edirəm. Həm də özəl olaraq vurğulayıram ki, arzu etdiyim davranışdır!

Bəzi təhlilçilər iddia edir ki, guya burada Rusiyanın təsiri var. Şəxsən mən belə düşünməyə meylli deyiləm. Ona görə ki, bütün fəaliyyəti boyu Prezident İ.Əliyev məhz müstəqil və qətiyyətli qərarlarıyla diqqət çəkib, yadda qalıb. Hətta ən riskli məsələlərdə belə bu gün Avropa Birliyini nəzərə almadığı kimi Rusiyanı da nəzərə almayıb. Son ayların diqqət mərkəzində olan Avropanın qazla təchizatı məsələsi buna ən gözəl örnəkdir.

Bu olayın fonunda Prezidentin Bakıda baş vermiş məlum yanğınla bağlı davranışlarında da ciddi qətiyyət və qərarlılıq nümayiş etdirməsi onun dış məsələlərdə olduğu kimi iç məsələlərdə də Azərbaycan xalqının mənafelərini heç kimə güzəştə getməyəcəyinin təkrar təsdiqidir.

Prezident harınlamış, xalqın malına və canına zərər gətirən istənilən şəxsə qarşı güzəştsiz davranacağını tam qətiyyətlə dilə gətirməklə vətəndaşın seçiminə və etimadına layiq görülməsinin təsadüf olmadığını bir daha təsdiq etmiş oldu!

Bir-birinə dəxli olmasa da eyni günlərə təsadüf edən bu iki olayla bağlı Prezident İlham Əliyevin davranışlarını təhlil edərək belə qənaətə gəlmək olar ki, o, qətiyyət və qərarlılıq, çeviklik baxımından ən uyğun liderdir.

Prezidenti bu cür xüsusiyyətlərə malik olan bir ölkə kimi Azərbaycan rahat nəfəs ala bilər. Ən yaxın qonşularımızda baş verən olayları göz önünə gətirmək də bizim fikrimizi möhkəmləndirir.

Əslində, baş verən ən adi hadisəni belə şişirdib xalqı küçələrə çıxarmaq, ölkəni xaosa sürükləmək istəyən mərkəzlər boş dayanmır. Amma göründüyü kimi, Prezidentin duruma ən yüksək səviyyədə nəzarət etməyi bacarması bu dəfə də o mərkəzlərin səylərini puça çıxardı. Deməli, lider olaraq Prezident İlham Əliyev sözdə deyil, əməldə duruma nəzarət edir. Elə onun prezidentliyi dönəmində Azərbaycanın yaxın ölkələrdə baş verməkdə olan kataklizmlərdən yan keçməyi bacarması da Prezident İlham Əliyevin bu bacarıqları hesabınadır.

Belə bir mürəkkəb dönəmdə Prezidentin bu qədər qətiyyətli və güzəştsiz davranışını görmək bir vətəndaş olaraq şəxsən mənim üçün sevindiricidir. Çünki ortaya çıxan problemlərini özünün həll etdiyi, kimsənin diktəsinə boyun əyməyən bir Azərbaycanda yaşamağı hər şeydən üstün tuturam. Prezident İlham Əliyev də məhz bunu təmin etməyi bacarıb və bacarır.