“Ən yaxşı sosial çarx ssenarisi”

20 May 2015 17:07 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyi xalqımızın yüzilliklər boyu yaratmış olduğu yüksək mənəvi-əxlaqi dəyərləri, o cümlədən, folklor, adət-ənənələr, vətənə və torpağa məhəbbət, tolerantlığını və başqa mənəvi keyfiyyətləri özündə əks etdirən rəvayət, əfsanə və əsatirlər əsasında sosial çarxların çəkilməsi və bununla mədəni dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılması, təbliğinin həyata keçirilməsi, müvafiq sahədə istedadlı şəxsləri əməkdaşlığa cəlb edərək onların yaradıcılıqlarına dəstək verilməsi məqsədilə 01 may-15 iyun 2015-ci il tarixlərində "Ən yaxşı sosial çarx ssenarisi" müsabiqəsi keçirir. SİA-nın verdiyi məlumata görə, "Ən yaxşı sosial çarx ssenarisi" müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən təsis edilib. Müsabiqəyə təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur və bir müəllif bir neçə ssenari ilə də iştirak edə bilər.

1. Mükafat komissiyasının fəaliyyətinin əsasları

1.1. Müsabiqənin qaliblərinə pul mükafatı və diplomlar verilir.

1.2. Pul mükafatı və diplomlar 7 nəfərdən ibarət Münsiflər heyətinin təqdimatı ilə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmrinə əsasən verilir.

Münsiflər heyəti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrlərini və bu əsasnaməni rəhbər tutur.

1.3. Ssenarilərin qəbulu, dəyərləndirmə və mükafatlandırma prosedurlarının təkmilləşdirilməsi məqsədi ilə və yaxud nəzərə alınması zəruri təkliflər olduqda Münsiflər heyətinin 2/3 səs çoxluğu ilə Əsasnamədə dəyişiklik edilə bilər.

1.4. Münsiflər heyətinin tərkibi və sayı Azərbaycan Respublikası mədəniyyət və turizm naziri tərəfindən təsdiq edilir. Münsiflər heyəti sədr və məsul katiblə birlikdə 7 nəfərdən ibarətdir.

1.5. Münsiflər heyətinin tərkibi Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmri ilə yenidən təşkil edilə bilər.

1.6. Münsiflər heyətinin fəaliyyətinə onun sədri rəhbərlik edir.

1.7. Münsiflər heyəti aşağıdakı hüquqlara malikdir:

- müsabiqəyə təqdim edilən ssenariləri nəzərdən keçirmək, onların ən layiqlilərini seçmək, bu barədə müvafiq qərar çıxarmaq;

- təqdimat mərasiminin keçirilməsini təşkil etmək.

1.8. Münsiflər heyəti iş planına əsasən toplanır. Heyətin iclası sədr tərəfindən çağırılır. İclas Münsiflər heyətinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur.

1.9. Münsiflər heyətinin hər bir üzvü hər ən yaxşı hesab etdiyi ssenariyə 10 ballıq şkala əsasında qiymət verir. Verilmiş qiymətlər toplanır və ən çox bal toplayan ssenarilər birinci, ikinci, üçüncü yerlərə və həvəsləndirici mükafatlara layiq görülür.

1.10. Birinci yer üçün 1500 (bir min beş yüz), ikinci yer üçün 1000 (bir min), üçüncü yer üçün 700 (yeddi yüz) manat və hər biri 500 (beş yüz) manat olmaqla üç həvəsləndirici mükafatdan ibarət mükafat fondu müəyyən olunur.

2. Namizədlərin irəli sürülməsi

2.1. Müsabiqə ilə bağlı elan mətbuatda dərc edildikdən sonra, may ayının 1-dən iyunun 15-dək müəlliflər ssenarilərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim etməlidir: AZ1000, Bakı şəhəri, Hökumət evi, 4-cü giriş qapısı, 1-ci mərtəbə, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi.

2.2. Müsabiqədə iştirak etmək istəyən müəlliflər ssenarinin A4 formatda çap olunmuş və ya elektron variantını habelə qısa tərcümeyi-halını, əlaqə telefon nömrəsini də təqdim etməlidirlər.

2.3. Nəzərə almaq lazımdır ki, "Ən yaxşı sosial çarx ssenarisi" müsabiqəsində qalib gələcək ssenarilər əsasında hazırlanacaq çarxın müddəti 1 (bir) dəqiqədən artıq olmamalıdır.

3. Qaliblərin elan olunması və təqdimat

mərasiminin keçirilməsi

3.1. Qaliblərin adları 2015-ci il iyul ayının 1-dək nazirliyin www.mct.gov.az saytında və "Mədəniyyət" qəzetində açıqlanır.

3.2. Mükafat Münsiflər heyətinin sədri və yaxud onun vəkil etdiyi şəxs tərəfindən təntənəli şəkildə təqdim edilir.

3.3. Laureat və ya onun vəkil etdiyi şəxs mərasimdə şəxsən iştirak etməlidir.

3.4. Müsabiqə ilə bağlı təşkilati işlər Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən görülür.