"Bakı-2015"in yeni bilet satış məntəqəsi fəaliyyətə başladı

16 May 2015 10:32 (UTC+04:00)

Tofiq Bəhramov adına Respublika Stadionunda "Bakı 2015" I Avropa Oyunlarının yeni bilet satış məntəqəsi fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, iyunun 12-də start götürəcək Oyunların biletlərinə son həftələrd tələbat xeyli artıb. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), Oyunlara gələn tamaşaçılara biletləri yalnız Oyunların veb səhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilet satışı ilə bağlı bunları bildirib: "Bizim birinci dərəcəli məqsədimiz, Oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də biz, bilet alan hər kəsə belə bir mesajla müraciət edirik: "Biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən, yaxud baku2015.com veb səhifəmiz vasitəsilə alın".

Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir. Məntəqə, həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək.

Digər bilet satış məntəqələri, "Park Bulvar", "28 Mall" və "Metro Park" alış-veriş mərkəzləri də daxil olmaqla Bakının alverişli məkanlarında quraşdırılıb.

Bilet satış məntəqələrinin yerləri, arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən, yaxud Bakı 2015.com veb səhifəsindən əldə etmək olar.