"Bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən növbəti iqtidar-müxalifət görüşündə əsas mövzu I Avropa Oyunları idi". SİA-nın məlumatına görə, bu barədə Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Partiya sədrinin sözlərinə görə, tərəflər I Avropa Oyunlarını müsbət qiymətləndirdilər: "Bu oyunlar Azərbaycanın və bütün müsəlman dünyasının mədəni obrazının yüksədilməsinə xidmət edəcək. Heç kimə sirr deyil ki, bəzən bizi Avropada əli baltalı, başı əmmaməli müsəlman kimi təqdim edirlər. Hətta deyərdim ki, vəhşi obrazımızı yaradırlar. Artıq onlar görəcəklər ki, Azərbaycan hansı tolerant mühitə malikdir, cəmiyyət içərisində mədəni səviyyə nə qədər yüksəkdir. Beləcə, Azərbaycanın Avropa ailəsinin bir hissəsi olması sübuta yetiriləcək".
Sədr bildirib ki, müzakirə edilən cari məsələlər içərisində ən mühümü həbs edilənlərin azad edilməsi ilə bağlı idi: "Düşünürəm ki, heç bir xarici təsir olmadan qətimkan tədbirini dəyişdirmək və ya əfv yolu ilə onların azad edilməsi mümkündür. Təbii ki, bu, Azərbaycan qanunvericiliyində də nəzərdə tutulub. Bununla belə, ən mühüm məsələlərdən biri siyasi partiyaların gələcək dövlət protokolunda, dövlət tədbirlərində, o cümlədən ilk Avropa Oyunlarında iştirakı məsələsidir".
T.Kərimli əlavə edib ki, bu kimi görüşlərin keçirilməsi səmərəli və vacibdir: "Bu, hakimiyyətlə müxalifət arasındakı münasibətləri də yumşaldır. Təbii ki, burada iştirak etməyən qüvvələr də oldu. Amma mən onların arqumentini əsassız sayıram. Onlar dialoqun əleyhinə deyillər, lakin deyirlər ki, uyğun zamanda, uyğun şərtlərlə dialoqa getmək olar. Lakin bu şərtlər və zamanı onlar özü müəyyən etmir, dialoqda iştirak edən bütün qüvvələr müəyyən edir. Bu mənada onları da çağırardım ki, dialoqa qatılsınlar".