"Qaraçı" ŞEİR

15 May 2015 09:54 (UTC+04:00)

Yollar uzun, ömür qısa,

Toya gələn düşər yasa.

Tələsirsən hey harasa,

Yollar qardı, ay qaraçı,

Dünya dardı, ay qaraçı...

Yağış yağar, tufan qopar,

Kim nə gəzər, kim nə tapar.

Dərdimi də götür, apar

O dağlara, ay qaraçı,

Uzaqlara, ay qaraçı...

Elə baxma, bu nə gözdü,

Bu ayrılıq məni üzdü.

Azadlıq - bir şirin sözdü,

Gerçək sanma, ay qaraçı,

Gəl, aldanma, ay qaraçı...

Sən getdiyin yollar çətin,

Aradığın məhəbbəti,

Axtardığın səadəti,

Harda tapdın, ay qaraçı,

Harda tapdın, ay qaraçı?!.

Baba Vəziroğlu