Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı əsas yerlər otellər olacaq. Belə ki, turistlər Bakının ən səviyyəli yerlərindən biri olan "Four Seasons Hotel Baku"ya gələcəklər. Adıçəkilən otelin koordinatoru Günay Əhmədli SİA-ya açıqlaması zamanı turistlərə böyük önəm verdiklərini dilə gətirib: " "Bakı 2015" Avropa Oyunlarına xüsusi hazırlaşırıq. Hər bir qonaq bizim üçün çox önəmlidir. Artıq otelimizdə boş yerlər yoxdur. Onu da deyim ki, turistlər özlərini otelimizdə yad hiss etməyəcəklər. Çünki əməkdaşlarımız ingilis və bir çox dilləri mükəmməl bilir. Qonaqlarımız otelimizdəki yeməklərdən də razı qalacaqlar. Belə ki, onlar doqquzuncu mərtəbədə yerləşən balıq mətbəxinin, birinci mərtəbə olan Azərbaycan və İtalyan mətbəxlərinin xüsusi təamlarının dadına baxmaq fürsətindən yararlanacaqlar. Onu da deyim ki, hər axşam saat 5-6-da otelimizin 1-ci mərtəbəsində canlı musiqi olur. Əylənmək istəyən qonaqlarımız orada rahatca dincələ biləcəklər".