“Poçt göndərişlərinin izlənilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub

11 May 2015 10:39 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Poçt göndərişlərinin izlənilməsi" xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu xidmət vasitəsilə "Azərpoçt" MMC-nin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, daşınması və çatdırılması kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir. Xidmətin göstərilməsi üçün poçt göndərişinin 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb olunur. Ştrixkod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir. Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişi ilə bağlı məlumatlar cədvəl şəklində ekranda göstərilir.