Ekspert: “Fors-major hallar gözlənilmir” AÇIQLAMA

8 May 2015 17:05 (UTC+04:00)

"Dünya təcrübəsi göstərir ki, bu tip beynəlxalq oyunlarda və beynəlxalq yarışlarda kibertəhlükəsizlik kifayət qədər əhəmiyyət kəsb edən məsələdir". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O qeyd edib ki, I Avropa Oyunları ilə əlaqədar olaraq kiberhücumların qarşısının alınması məqsədilə 4 ayrı qurum tərəfindən işlər görülür. Azərbaycan artıq bu tip hücumlardan qorunma təcrübəsinə malikdir: "Müxtəlif maraqlı qurumlar, maraqlı dövlətlər və təşkilatlar var ki, hansı ki bizi gözü götürmür, bizi istəmir. Təbii ki bunlardan da oyunlar ərəfəsində hücumlar gözləməyə dəyər. Əlbəttə, aidiyyatı qurumlar bunun qarşısının alınması üçün, zərərsizləşdirilməsi üçün həm profilaktik addımlar görməli, həm də infrastruktur yaradılmalıdır. Bu istiqamətdə də artıq işlərin görüldüyü bildirilir. Kibertəhlükəsizliklə, internet təchizatı və s. ilə bu məsələlərlə əlaqədar olaraq 4 qurum tərəfindən monitorinq aparılacağı bildirilib. Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizlik Dövlət Qurumu ayrı, "Delta Telekom" əsas internet təchizatçısı olaraq ayrı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi də ayrıca monitorinq aparacaq. Oyunların təşkili ilə bağlı Təşkilat Komitəsinin özünün də yəqin ki, ayrıca bir monitorinq sistemi var. Bu qədər görülən işləri nəzərə alanda ümid etmək olar ki, fors-major halların olması gözlənilən deyil".