"Bu gün Azərbaycanda 4 servis data.gov.az portalına yerləşdirilib. Bəzi xidmətlər artıq informasiya sisteminə yüklənib". Bu sözləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov "Elektron hökumət" bülleteninin növbəti sayı ilə bağlı keçirilən birifinq zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda informasiya sistemlərindən məlumat almaq mümkün olacaq: "Qısa müddətdə informasiya sistemlərindən məlumat almaq mümkün olacaq. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün artıq keçən ilin aprel ayında informasiya sistemi yaradılıb".
Nail Mərdanov qeyd etdi ki, məlumat baza sistemi qurulub. Müəssisələrin işinin arxivləşdirilməsi ilə bağlı işlər görülür. Arxivləşdirmə proqram təminatı vətəndaşların xidmətinə təqdim olunacaq: "Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 17 dövlət qurumundan vətəndaşlar haqqında məlumat istəyir. Artıq bu məlumat baza sistemi qurulub və inkişaf etdirilməktədir. Müəssisələrin işinin arxivləşdirilməsi ilə bağlı işlər də görülməkdədir. Arxiv layihəmiz artıq hazırdır. Rəqəmsallaşma prosesi davam edir. Yaxın zamanda arxivləşdirmə proqram təminatı vətəndaşların xidmətinə təqdim olunacaq".