"Vətən" ŞEİR

5 May 2015 11:58 (UTC+04:00)

Özümə bir Vətən düzəldəm gərək,

Bundan da mehriban, bundan da qəşəng.

Qoy, onun nə nefti, nə qazı olsun,

Nə aradan axan Arazı olsun.

Heç Muğan düzü də olmur, olmasın,

Xəzər dənizi də olmur, olmasın.

Dənizə dəyməyim, yox, dəniz olsun.

Amma bundan bir az qoy təmiz olsun.

Onun balıqları zəhərlənməsin,

Onun qıraqları çəpərlənməsin.

Özümə bir Vətən düzəldəm gərək,

Bir üzü daş olsun, bir üzü ipək

Daş olsun pislərin başını əzsin.

Yaxşılar qoy ipək üzündə gəzsin.

Gəzsin çəmənləri yaşıllıqları

Artsın gündən günə yaxşılıqları.

Özümə bir Vətən düzəldəm gərək,

Qapısı ağzında iri bir köpək

Bura pis niyyətlə gələnə hürsün,

Bizə lap uzaqdan hürənə hürsün.

Heç bir kəsə quyruq bulamasın qoy

Heç bir vaxt qab dibi yalamasın qoy.

Özümə bir Vətən düzəldəm gərək,

O vətən tək olsun gözəllikdə tək.

Bütün yer üzünə sorağı düşsün.

Onu görənlərin tamahı düşsün.

Bu vətən həm anam, həm balam

Yəqin o vətəndə qərib olmaram.

Ramiz Rövşən