Tarixdə ilk dəfə keçiriləcək və ölkəmizdə təşkil olunacaq I Avropa Oyunları ilə əlaqədar bütün sahələrdə hazırlıq işlərinin son mərhələsi həyata keçirilir. Azərbaycana gələcək idmançılar, nümayəndə heyətləri və turistlərə daha da keyfiyyətli xidmət göstərmək məqsədilə aparılan təkmilləşdirmə işləri yekunlaşmaq üzrədir. Paytaxtımızda fəaliyyət göstərən taksi şirkətləri də Oyunlar zamanı ölkəmizə gələcək xarici vətəndaşlarda Azərbaycan haqqında yüksək fikirlər yaradılması, ölkəmizin imicinin daha da yüksəldilməsi, qonaqların buranı hər zaman xoş xatirələrlə yada salması üçün ciddi hazırlıq işləri görür, bir çox yeniliklər planlaşdırırlar.
"Bakı-2015" I Avropa Oyunları zamanı paytaxtda xidmət göstərəcək "Bakı Taksi" şirkətinin taksiləri və sürücüləri daha da yüksək səviyyəli işləri ilə yadda qalmağa çalışacaqlar. Şirkətin referenti Rahim İsgəndərov Səs TV-yə verdiyi açıqlamada qeyd edib ki, təmsil etdiyi qurum bu sahədə I Avropa Oyunları zamanı mümkün olduğu qədər yüksək səviyyədə xidmət göstərəcək. Onun sözlərinə görə, sürücülərə müştərilər ilə rəftar qaydaları və digər mövzularda mütamadi olaraq təlimlər keçirilir, ingilis dili kursları təşkil olunur: "Rəftar qaydaları ilə bağlı sürücülərlə söhbətlər aparılır, onlara pos-terminallardan istifadə qaydaları öyrədilir. "Bakı-2015" I Avropa Oyunlarında ölkəmizə gələcək turist axınını nəzərə alaraq, sürücülər üçün ingilis dili kursları da təşkil etmişik. Avtomobillərin üzərində "Bakı-2015" I Avropa Oyunlarının loqoları da əks olunub.
Ölkəmizə gələcək qonaqları Azərbaycanın tarixi mədəniyyəti ilə tanış etmək üçün avtomobillərə quraşdırılmış monitorlarda bu haqda videoçarxlar göstəriləcək. Sərnişinlərə xidmət göstərilərkən onlara taksidə quraşdırılmış yeni nəsil taksoprinterlər vasitəsi ilə çek təqdim olunacaq. Sayğacda əks olunan məbləğ çek üzərində çap olunacaq.
Bundan başqa, sürücülər vahid geyim formalarından istifadə edəcəklər. Artıq bu formalar sifariş edilib.
Bizim taksilərdə "wi-fi" xidməti də nəzərdə tutulub. Təqribən 3-4 gündən sonra avtomobillərdə "wi-fi" aparatı quraşdırmağı planlaşdırırıq. Taksiləri sifariş etmək də çox asandır. Müştərinin *9000 telefon nömrəsinə zəng etməsi kifayətdir ki, avtomobildə quraşdırılmış GPRS avadanlığı vasitəsilə ən yaxında olan taskini həmin ünvana yönləndirək. Sifarişdən 1-2 dəqiqə sonra sürücü müştəri ilə əlaqə saxlayır və ən tez vaxtda dəqiq ünvana çatmış olur.
"London taksi"ləri paytaxta gələndən eyni tariflə xidmət göstərib və I Avropa Oyunları zamanı da həmin tariflə xidmət göstərəcək. Heç bir qiymət dəyişikliyi olmayacaq".
Paytaxtda xidmət göstərən bir neçə taksi sürücüsündən də "Bakı-2015" I Avropa Oyunlarına necə hazırlaşdıqlarını soruşduq:
Taksi sürücüsü Anar Lətifov:
"Dörd ildir taksi sürücüsü işləyirəm. Kifayət qədər təcrübəm var. Ancaq I Avropa Oyunları ilə əlaqədar yenə də kurslar keçirilir. Təkcə müştərilərlə davranış qaydaları yox, digər keyfiyyətlərin yüksəldilməsi üçün çalışılır. Məsələn, şəhərdə hər bir yeri dəqiq tanımaq üçün yenidən bütün əraziləri gəzirik. İngilis dili kursları da təşkil olunub".
Taksi sürücüsü Əbülfəz Ağayev:
"Bakı-2015" I Avropa Oyunlarına xüsusi hazırlıq keçirik. Bizə ingilis dili kursu keçirilir və sertifikat verilir. Ölkəmizi elə təmsil etməliyik ki, Avropa buradakı yüksək şəraitin, xidmət sahələrinin peşəkarlığının şahidi olsun".
Taksi sürücüsü Tərlan Əkbərov:
"I Avropa Oyunlarına görə taksi xidməti daha da təkmilləşirilir. İngilis dili kursları və digər təlimlərdə iştirak edirik. Avtomobillərdə ölkəmizin təbliğatı üçün monitorlar da quraşdırılıb. Taksi sürücüsü müştəriyə səbrlə yanaşmalı və onunla davranış qaydalarına fikir verməlidir. "Bakı-2015" I Avropa Oyunlarında qonaqların taksi xidmətindən razı qalmaları üçün ciddi hazırlıq keçirik".
Taksi sürücüsü Xəzər Dədəcanov:
"İngilis və rus dillərini orta səviyyədə bilirik. Taksilərin üzərində I Avropa Oyunlarının loqoları da var. Üç ildir burada işləyirəm. Müştərilərlə davranış qaydalarını bilirik, lakin xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə bu haqda təlimlər keçirilir. Rəhbərlik tərəfindən bu barədə bizə xüsusi tapşırıqlar verilib".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda və Mingəçevirdə keçiriləcək.