Günəş bathabatda belə,
Buludlara ahəng qatdı.
Fırçasını uzadaraq,
Göyə çəhrayı rəng atdı.
İşığından nur paylayan,
Adama bənzəyib getdi.
Gəlişiylə, gedişiylə,
Dünyanı bəzəyib getdi.
Bir az Anama oxşadı,
Hərarətli izi qaldı.
Hələ də əlimdən tutan,
Bir ömürlük sözü qaldı.
Günəşə öpüş göndərdim,
Çıxıb batdığı tərəfə.
Şüası sevgimlə düşsün,
Anam yatdığı tərəfə...
Atam çatdığı tərəfə...
Xanım İsmayılqızı