Bu gün "Bakı-2015" I Avropa Oyunlarının uniformaları və akkreditasiya vəsiqələrinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, gənclər və idman naziri, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş icraçı direktoru Azad Rəhimov və BAOƏK-nin Əməliyyatlar üzrə Baş direktoru Sayman Kleq Uniformaların Paylanması və Akkreditasiya Mərkəzindən uniformalarını və akkreditasiya vəsiqələrini götürüblər.
Nazir A. Rəhimov bildirib ki, "Bakı-2015" Azərbaycanın bu vaxta qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq çoxnövlü idman tədbiridir. O qeyd edib ki, beynəlxalq idman aləminin bütün diqqəti Bakıya yönələcək: "İşçi heyətinin və könüllülərimizin öz uniformalarını qürurla geyinəcəklərindən şübhəm yoxdur. Onlar ölkəmizi və onun qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər".
BAOƏK-nin Əməliyyatlar üzrə Baş direktoru Sayman Kleq isə I Avropa Oyunlarının Azərbaycan üçün tarixi hadisəyə çevriləcəyini deyib. O, "Bakı-2015" I Avropa Oyunlarınının hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib: "Dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunam. Uniforma və akkreditasiyaların təqdim olunması, bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına bir addım daha yaxınlaşdırır".
Qeyd edək ki, Oyunların uniforma təhcizatı "Giltex" şirkəti tərəfindən həyata keçirilir. Bu şirkət "Bakı-2015" üçün ümumilikdə 110 000 ədəd 7 növdə uniforma istehsal edəcək. Alov qoruyanlar da daxil olmaqla, BAOƏK-in bütün işçi heyəti, növbəti həftələr ərzində uniformalarını əldə edə biləcəklər.










