Heydər Əliyev fenomeni, onun siyasi fəaliyyəti, istedadı və unikal şəxsiyyət olması barədə külli miqdarda elmi məqalələr yazılmış, dünyanın siyasi texnologiyalar üzrə ixtisaslaşan əksər nəzərriyəçiləri onun əsrlərə sığmayan titanik fəaliyyəti barədə ən müxtəlif prizmalardan tədqiqat işləri aparmışlar. Zaman keçdikcə də bu qəbildən olan yazılara həmişə ehtiyac olacaq. Biz Heydər Əliyev siyasi dühasını həm siyasi elitanın formalaşdırıcı və həm də əlahiddə götürülmüş siyasi lider kimi nəzəri-təcrübi kontekstdə öyrənməyi qarşımıza məqsəd qoymuşuq. Heydər Əliyev şəxsiyyətinin həm Azərbaycan siyasətində siyasi elitanın banisi, müəllimi və həmişə istinad ediləcək rəhbəri kimi, həm də ayrıca fenomenal bir fərd kimi vəhdətdə öyrənilməsi böyük siyasi irs olaraq müasir, modern və sivil dövlətçiliyin əsaslarının nəzəri aspektləri baxımından xüsusi əhəmiyyətə malikdir.
Bəşər cəmiyyəti formalaşandan bəri hər bir ictimai-sosial varlıq malik olduğu siyasi formasiyasından asılı olmayaraq, həmişə özünün inkişaf səviyyəsinə uyğun şəxsiyyət və liderə ehtiyac duyur. Hətta insanlar arasında fövqəlfərqliliyin əleyhinə çıxan, ictimai özünüidarəni başlıca ideyası və son məqsədi hesab edən kommunizm təmayüllü ölkələr də siyasi lider amili olmadan fəaliyyət göstərə bilməmişlər və bilmirlər. Bu da təbiidir. Bioloji və sosioloji fərd olaraq insanlar həmişə digər məsələlərdə olduğu kimi siyasi həyat və dünyagörüşlərində də oxşamaq istədikləri və ardınca gedəcəkləri "nümunəvi başçı" axtarışında olublar. Bu axtarışlar insanlarda bioloji kod olaraq genlərdə və təhtəlşüurda yerləşdiyindən, bütün dövrlərdə və xalqlarda mövcud olacaq zəruri bir proses kimi həmişə davam edəcək.
Müasir dövrümüzdə də siyasət aləmi lider yetişdirməyin yeganə doğru mənbəyi olan siyasi elitasız keçinə bilmir və bu baxımdan biz, lider və şəxsiyyət üsün vacib olan bütün keyfiyyətləri "siyasi elita" və "lider" anlayışlarının qarşılıqlı müqayisəli şəklində və nəzəri anlayışlarla praktiki nailiyyətlərin vəhdətində Heydər Əliyev şəxsiyyətində görürük.
Siyasi elitanın ən mühüm elementi siyasi liderdir. Məhz siyasi lider hakimiyyət və idarəçilik sistemini fərdiləşdirərək müvafiq hakimiyyəti bütün cəmiyyətin və ya vətəndaş qruplarının nəzərində təcəssüm etdirir. Yəni siyasi liler digər keyfiyyət və məziyyətləri ilə yanaşı, siyasi elitanı təşkil edən digər şəxslərdən fərqlənən xüsusi, spesifik bir fenomenə də malik olmalıdır. Heydər Əliyev dünya siyasi arenasında özünü məhz belə lider kimi göstərdi. İstər Azərbaycana başçılıq etdiyi bütün dönəmlərdə, istər Moskvada SSRİ kimi nəhəng və qüdrətli bir dövlətin ən yuxarı hakuimiyyət eşalonunda yüksək rəhbər vəzifələr daşıdığı vaxtlarda, istərsə də çox qısa zaman kəsiyində işsiz qaldığı zamanla Heydər Əliyev sadə adamlardan tutmuş ən böyük siyasi xadimlərin də etiraf etdiyi kimi əlahiddə istedadı və dühası baxımından həmişə fərqlənib. İnsanları müəyyən bir ideya ətrafında və məqsəd uğrunda birləşdirə, səfərbər edə bilmək və bu zaman yaranacaq bütün mümkün çətinlikləri qabaqcadan görmək, onların həllinə əvvəlcədən hazır olmaq qabiliyyəti müəyyən vəzifə tutub-tutmamağından asılı olmayaraq Heydər Əliyevin ayrılmaz təbii xarakterik xüsusiyyəti idi və bu baxımdan o, bir çox siyasətçilərdən fərqlənirdi. Siyasi liderlik hər şeydən əvvəl istənilən insan cəmiyyətinin fəaliyyətinin universal və ayrılmaz mexanizmi kimi xarakterizə olunmaıldır. Eyni zamanda lider yuxarıların və aşağıların münasibətlərinin saxlanılması, cəmiyyətin özünümühafizə və öz maraqlarının həyata keçirilməsi üçün bu münasibətlərin institutlaşdırılması elementidir.
Bu keyfiyyətlərin hamısını özündə kommunikativ şəkildə birləşdirə bilən Heydər Əliyevin məhz fərdi xüsusiyyətləri dünya siyasətçiləri tərəfindən birmənalı qəbul olunub və çox yüksək qiymətləndirilib. Siyasi liderliyin daha tam, funksional xüsusiyyətləri ümumi dövlət idarəetməsi səviyyəsində daha parlaq təzahür edir. Bu siyasi institutun ən əsas vəzifəsi qərarların işlənilməsi, hazırlanması, qəbul və realizə olunmasını nəzərdə tutan çoxsaylı hərəkətləri, bu prosesdə iştirak edən strukturların fəaliyyətinin koordinasiyasını, bu və ya digər cəmiyyət stratlarının maraqlarının uzlaşdırılmasını və s. nəzərdə tutan geniş əhatəli təşkilati-idarəetmə funksiyalarının həyata keçirilməsidir. Yəni başlıca məsələ idarəetmə və təşkilatçılıq bacarığıdır. Bu nəzəri meyarları Heydər Əliyev şəxsiyyətinə tətbiq edəkən hər bir çərçivədə, hər bir funksiyada Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərinin açıldığını görürük.
Heç təsadüfi deyil ki, xalqımız Heydər Əliyevin dühasında xarizmatik liderə xas olan bütün yüksək məziyyətləri görməklə ona Azərbaycanın ÜMUMMİLLİ LİDERİ adını verib. Heydər Əliyev şəxsiyyəti öz unikallığı, təkrarolunmazlığı, siyasi xadim üçün xas olan xüsusiyyətləri ilə nəinki bu kriteriyaları əhatə edir, hətta onların əhatə dairəsindən kənara belə çıxaraq, bu siyasi məfhumu politoloji baxımdan zənginləşdirir, məzmun etibarilə çoxşaxəli edir. Siyasətçinin və liderin siyasətdə və tarixdə əbədiliyini və örnək nümunəsi olmasını müəyyən edən bu meyar məhz Heydər Əliyev kimi şəxsiyyətlərin sayəsində cilalanaraq politoloji anlayış kimi siyasi lüğətə daxil olmuş və qəbul edilmişdir.
Heydər Əliyev harada olmasından asılı olmayaraq həmişə lider olmuşdur. Bu, həm orta məktəb illərində, həm tələbəlik vaxtlarında, həm də ən müxtəlif vəzifə daşıdığı dönəmlərdə də onun xarakterinin ən vacib və ayrılmaz keyfiyyəti kimi özünü büruzə vermişdir. Liderlik təkcə kiminsə qarşısında üstün keyfiyyətlərə, ağıla, xarakterə malik olmaq deyil.
Heydər Əliyevin hər hansı bir sahənin bilicisi ilə ünsiyyətində onun mütəxəssis olduğu məsələlərə yeni məzmun və ahəng gətirə bilmək qabiliyyəti bu fövqəlinsanın uzun ömür boyu rastlaşdığı, ünsiyyətdə olduğu, görüşdüyü bütün adamlar, xüsusilə də dünya siyasət aləmində öz çapı ilə seçilən və hamının qəbul etdiyi görkəmli siyasi xadimlər, dövlət və hökumət başçıları tərəfindən xüsusilə vurğulanır. SSRİ və postsovet ölkələri üzrə böyük mütəxəssis, politoloq Zbiqnev Bjezinski Heydər Əliyev haqqında belə demişdir: "Şəxsən mən onunla görüşlərdən Azərbaycan və Amerika arasındakı strateji əlaqələri formalaşdırmaq kimi nadir imkan əldə etdim". Mən Zbiqnev Bjezinskinin fikirlərini təsadüfən gətirmədim. Keçmiş sovet ölkələri üzrə dünyanın fövqəldövlətinin siyasətinə təsir edə bilən, bu istiqamətdə xüsusi orqanların zəngin informasiyasına malik bir şəxs hər şeydən əvvəl, Heydər Əliyevin köhnə, oturuşmuş münasibətlərə yeni baxışın, çalarların və istiqamətin gətirə bilmək qabiliyyətinə heyranlığını yuxarıdakı sözlərlə ifadə etmişdir. Yəni, Heydər Əliyev özünün zəngin təcrübəsi, siyasi erudisiyası ilə həmsöhbətinin peşə marağına, peşəkarlıq səviyyəsinə, nüfuzuna və izzət-nəfsinə toxunmadan onun fikir və təsəvvürlərində dəyişiklik yarada bilirdi.
Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ulu öndərimizin: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"—deyərək, dəyərləndirdiyi dövlət rəhbərimiz bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri reallığa çevirmişdir.
Cənab Prezident tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizdə demokratik inkişaf və tərəqqi, sağlam vətəndaş cəmiyyətinin yaradılması, hüquqi dövlətin formalaşması prosesləri dönməz xarakter almış və görülmüş, eləcə də görüləcək bütün nəhənğ və qlobal işlər ancaq bir məqsədə — Azərbaycanın dövlət müstəqilliyinin daha da gücləndirilməsinə xidmət etməklə, ulu öndərin təbirincə desək, onu, sözün əsl mənasında, əbədi və daimi etmişdir. Biz də hər birimiz ulu öndərə məhəbbətimizin əyani təzahürü olaraq möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək onun qarşıya qoyduğu bütün mühüm vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməli və Heydər Əliyevin şah əsəri olan demokratik, müasir və müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə səylə çalışmalıyıq.
Böyük türk dünyasının görkəmli ictimai–siyasi və dövlət xadimi olan Heydər Əliyev Azərbaycan xalqının əvəzolunmaz və tarixi bir irsidir. Bu irsi öyrənərək ondan doğma vətənimiz Azərbaycanın rifahı naminə istifadə etmək isə hər bir vətəndaşın, öz torpağını və millətini sevən hər bir insanın mənəvi borcudur.