Ümumdünya Əməyin Mühafizəsi günü YENİLƏNİR

28 Aprel 2015 11:06 (UTC+04:00)

Bu gün Heydər Əliyev Mərkəzində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda ayrı- ayrı hökumət və qeyri – hökumət qurumlarının, xarici şirkətlərin, həmkarlar və sahibkarlar təşkilatlarının rəhbər şəxsləri, millət vəkilləri, Beynəlxalq Əmək təşkilatının (BƏT), işəgötürənlərin nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıb. O, BƏT tərəfindən dünya ictimaiyyətinin diqqətini əməyin mühafizəsi məsələlərinə cəlb etmək üçün 2002-ci ildən keçirilən Ümumdünya əməyin mühafizəsi gününün bu il "Əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini birgə yüksəldək" devizi altında keçirildiyini bildirib: "BƏT-in açıqlamalarına əsasən, dünyada hər 15 saniyədə 153 istehsalat qəzası baş verir və bir işçi ölür. Hər il istehsalat xəsarəti və peşə xəstəliyindən təxminən 2,34 milyon nəfər həlak olur. 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Hər il istehsalatda 313 milyondan çox ölümlə nəticələnməyən bədbəxt hadisə baş verir. İstehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir".