"Bölgələrdən paytaxta" Gədəbəyə həsr edildi FOTOLAR

27 Aprel 2015 22:49 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində keçirilən budəfəki təqdimat Gədəbəyə həsr olunub. SİA-nın verdiyi məlumata görə, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub.

Qonaqlar əvvəlcə Gədəbəyin aşıq məktəbi, diyarşünaslıq, memarlıq nümunələri, yerli yazarların əsərləri, bölgənin mətbəx nümunələri, yerli xalq sənətkarlarının əl işləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Gədəbəyə həsr olunan bu tədbirin "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində təşkil edilən beşinci təqdimat olduğunu söyləyib. Bildirib ki, rayonun qədim tarixə və mədəniyyətə malikdir: "Gədəbəy aşıqlar yurdu sayılır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq musiqisi YUNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irsinin reprezentativ siyahısına daxil edilib".

Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycanın dilbər guşələrindən, qədim yaşayış məskənlərindən biri olan Gədəbəyin tarixi abidələri, mədəniyyət nümunələri, ziyalıları barədə məlumat verib.

Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak edib.

Tədbirdə qarşılıqlı hədiyyələr təqdim edilib.

Sonra Gədəbəyin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsi Gədəbəy Aşıq Məktəbinin folklor ansamblının ifası ilə başlayıb. Sonra rayonun incəsənət ustaları, aşıq ifaçıları və rəqs kollektivləri çıxış ediblər.

Qeyd edək ki, bu il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.