Qadın güləşçilərimiz Avropa Oyunları öncəsi növbəti sınaq qarşısında

23 Aprel 2015 13:08 (UTC+04:00)

Aprelin 24-26-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, 53-cü dəfə keçirilən turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kişilər, sərbəst güləş üzrə qadınlar mübarizə aparacaq. Bu dəfəki turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edəcək.

Aprelin 6-dan etibarən Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışında olan yığmamız turnirdə baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yer alıb.

Turnirin proqramına əsasən, aprelin 24-də 55, 60 və 69 kq, 25-də 48, 58 və 75 kq qadın güləşçilər mübarizə aparacaq. 53 və 63 kq çəkidə qadın güləşçilər isə turnirin son günündə yarışacaqlar.