Xatirəsi ürəklərdə yaşayan alim

22 Aprel 2015 21:57 (UTC+04:00)

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyi münasibətilə aprelin 22-də YAP Göyçay rayon təşkilatında tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, mərkəzi rayon xəstəxanasının baş həkimi Famil Zeynalov, YAP Göyçay rayon təşkilatının Qadınlar Şurasının sədri Zivər Zeynalova, göz həkimi Şəfaət İmranova çıxış edərək, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs ediblər.

Natiqlər qeyd ediblər ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü oftalmologiya elminin inkişafına həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib.

Vurğulanıb ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi.

Çıxış edənlər Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını bildiriblər.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, məktəblilər şeir söyləyiblər.