"Artıq 3-4 gündür ki, biz həqiqətən də Azərbaycana, islamçılığa, islamafobiyaya qarşı olan fikirlərin tam ortasındayıq. Biz bu gün Azərbaycan olaraq dünyada erməni diasporunun qondarma "erməni soyqırımı"nı tanıtdırmaq istiqamətində apardığı işləri görürük". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Birlik sədri Avropa Parlamentinin, Roma Papasının ətrafında olan gənclərə, insanlara səslənərək deyib ki, qondarma "erməni soyqırımı"nı tanıyanlar niyə Xocalı haqqında düşünməyiblər? Niyə Azərbaycanın 20 Yanvar qətliamını fikirləşməyiblər? Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bu məsələlərin hamısınında Azərbaycanın inkişafı dayanır. Təbii ki, bu inkişafın arxasında da cənab Prezident İlham Əliyevin siyasi iradəsi durur. Bu gün Azərbaycanda aparılan siyasətdə və bu kimi qondarma soyqırımların ifşa olunmasında gənclərin rolu çox böyükdür".
M.Seyidov əlavə edib ki, artıq 4-5 gündür ki, gənclər soyqırımla bağlı sosial şəbəkələrdə, xüsusilə "twitter" aksiyalarında çox yaxından iştirak edirlər: "Gənclərimiz ortaqlanmış haştaqlarla (#) bir yerdə Azərbaycan vətəndaş, gənclik mövqeyindən çıxış edib Türkiyənin və Azərbaycanın müdafiələrini qoruyurlar. Biz bunu etməsək təbii ki, bizdən sonra gələn nəsildən xüsusi hansısa bir məsələni tələb edə bilmərik. Türkiyə-Azərbaycan münasibətləri həmişə irəlidə və dostluq içərisində olub".