Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirinin 5-ci turunda sabiq dünya çempionu Vişvanatan Anand ABŞ təmsilçisi Uesli Soya qalib gəlib. SİA-nın məlumatına görə, hindistanlı şahmatçı "ev tapşırığı" sayəsində uğur qazandığını deyib: "Maraqlı partiya oynadıq. Ev tapşırığı"nda hazırladığım gedişdən istifadə etdim. Əslində, bu taktika Fabiano Karuanaya qarşı hazırlanmışdı, lakin So ilə partiyada bəhrəsini verdi. Bu qələbə turnir cədvəlindəki mövqeyim baxımından vacib idi.
İstirahət günündə dincəlmək istəyirəm. Futbol oynamayacağam. Son turlara hazırlaşmaq fikrindəyəm".
Əslən Fillipindən olan ABŞ təmsilçisi Uesli So Anandın ona qarşı yaxşı oynadığını bildirib: "Anand demək olar ki, mənə şans vermədi. Bir qədər səhv etdim, digər tərəfdən təzyiq güclü idi. Məğlubiyyət çox pisdir. Adətən belə oyunlardan sonra səhvlərim barədə düşünürəm. Partiyanı təhlil edəcəyəm. İstəmirəm bu oyunum təkrarlansın".