Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirinin V turu keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bu turda ağ fiqurlarla eks-dünya çempionu Vladimir Kramniklə qarşılaşır. Digər təmsilçimiz Rauf Məmmədovun rəqibi isə autsayder Maykl Adamsdır. V turda həmçinin Vişvanatan Anand Uesli So, Maqnus Karlsen Maksim Vaşye-Laqrav və Fabiano Karuana Aniş Giri ilə oynayır.
Dörd turdan sonra turnir cədvəlində birinci yerdə 3,5 xalla Uesli So yer alıb. Onun ardınca Maqnus Karlsen (3 xal), Vladimir Kramnik (2,5 xal), Maksim Vaşye-Laqrav, Vişvanatan Anand (hərəyə 2 xal), Fabiano Karuana, Aniş Giri, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov (hərəyə 1,5 xal), Maykl Adams (1 xal) gəlirlər.
İştirakçılar üçün yeganə istirahət günü isə turnirin birinci yarısının sonunda - 5-ci oyun günündən sonra, yəni aprelin 22-də olacaq.
Həyatdan vaxtsız getmiş azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən turnirdə müxtəlif ölkələrin 10 superqrossmeysteri iştirak edir.
Qeyd edək ki, Vüqar Həşimovun II xatirə turniri aprelin 26-dək davam edəcək.