"Əslində Ermənilərin planlı olaraq hücumunu gözləyirdik. Amma hardan gələcəyini təxmin edə bilmirdik. Yavaş – yavaş onların iç üzləri ortaya çıxmağa başladı". Bu sözləri SİA-ya açıqlamasında Şimali Kipr Türk Respublikasının Bakıdakı təmsilçisi Sadettin Topukçu deyib.
Onun sözlərinə görə, ermənilər bu günə qədər gizlin şəkildə təbliğatla məşğul olub, dünyanın gözünü aldatmaq üçün gizlin şəkildə fəaliyyət göstəriblər. Avropa Parlamenti isə barışı deyil, qarşıdurmanı dəstəkləyir: "Demək ki, bütün təsir mərkəzlərini, bütün siyasi mərkəzləri təsir altına alıblar. Daha öncədən bunun üçün çalışıblar. Son olaraq Avropa Parlamentinin verdiyi qərar təəssüf doğurur. Siyasi bir orqanın tarixlə bağlı olaraq bu şəkildə mühakimə edərək qərar verməsi çox təəssüflü vəziyyətdir. Çünki siyasi bir orqanın əslində barış çağırışı etməsi lazımdır. Xalqları bir araya gətirici rolunu oynaması, var olan qarşıdurmaların qarşısına keçməsi lazımdır. Halbuki Avropa Parlamentinin gördüyü bu işə baxdığımızda, tam tərsinə bir vəziyyət görürük. Avropa Parlamentinin xalqları savaşdırmaq və qarşılıqlı cəbhələr açmaq üçün daha çox işlər gördüyü görünür. Yəni bu, çox maraqlı bir vəziyyətdir. Belə çıxır ki, dünyada var olan savaşlar heç kəsə dərs olmayıb. Əvvəlki qarşıdurmaların qarşısına keçmək əvəzinə, daha da sabit olan mühiti gərginləşdirmək, qarşıdurmaları artırmaq üçün zəmin hazırlayır. Bunu açıq şəkildə deyə bilərəm ki, Avropa Parlamentinin qəbul etdiyi qərar Ermənistanı daha da uzlaşmaz hala, aqressiv vəziyyətə gətirəcək. Bundan heç kim heç nə əldə etmiş olmayacaq. Əgər məqsəd budursa, Avropa Parlamenti məqsədinə çatmış olacaq, bölgədə gərginlik daha da artacaq. Halbuki Avropa Parlamentinin etməsi vacib olan hazırda mövcud olan vəziyyəti daha da stabil hala gətirərək, bölgədəki gərginliyi yatışdırıcı rolunu oynamaq idi. Hazırdakı mövcud həqiqətlər ortadadır".
