ADU-da konfransa yekun vuruldu FOTO

17 Aprel 2015 11:10 (UTC+04:00)

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin illik konfransına yekun vurulub. ADU-dan SİA-ya verilən xəbərə görə, konfransın yekun iclasında ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov çıxış edərək bu il Tələbə Elmi Cəmiyyətinin işindən razı qaldığını dedi. O, elmə marağı olan tələbələrin sayının ildən-ilə artmasının, onların daha səlis natiqlik bacarıqlarına sahib olmalarının, çıxışlarını müasir avadanlıqlarla və slaydlarla təqdim etmələrinin sevindirici hal olduğunu söylədi. Tələbələrin elmlə məşğul olmağa üstünlük vermələrinin onların gələcək inkişafında mühüm rol oynayacağını bildirən D. Yunusov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun adından bölmə rəhbərlərinə, eləcə də tələbələrə təşəkkür etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Bölmə rəhbərlərinin təklif və iradları səsləndirildi, müvafiq təkliflər dəyərləndirildi.

Konfransda 1200 nəfər tələbə arasından seçilən 850 nəfərdən çox tələbə müxtəlif mövzularda çıxış etdilər. Tələbələrdən 17 nəfəri "super tələbə" adına layiq görüldü və bu tələbələr gələcəkdə xarici ölkələrdə keçirləcək beynəlxalq konfranslarda iştirak etmək şansına malik oldular. Tələbələrdən 75 nəfəri I, 70 nəfəri II, 70 nəfəri isə III dərəcəli diplomlarla təltif edildi. Bundan əlavə, konfransda iştirakına görə 125 nəfər tələbəyə təşəkkür elan edildi.

Xatırladaq ki, üç gün davam edən konfransda müxtəlif mövzular üzrə 24 bölmədə iclaslar keçirildi, 800-dən çox məruzə dinlənildi. Konfransda təqdim olunan tezislər "Tezislər kitabı"nda dərc olunacaq.