25 yanvar 1904-cü ildə britaniyalı coğrafiyaşünas, Oksford universitetinin professoru Helford Con Makinder (1861-1947) Kral Coğrafiya Cəmiyyətində o dövrdə Qərbin elmi dairələrində kifayət qədər böyük əks-sədaya səbəb olmuş "Tarixin coğrafi oxu" adlı məruzə ilə çıxış etmişdir.
H.Makinder "tarixin oxu" kimi Avrasiyanın ümumi sahəsi 15 mln. km²-dən çox olan və əvvəllər Şimal Buzlu okeanın su hövzəsinin (Ağ dənizin və Barents dənizinin cənub-qərb hissəsinin hövzələrindən başqa) və Mərkəzi Avrasiyanın qapalı (o cümlədən Xəzər və Aral dənizləri hövzələrinin) hissəsinin konturlarını demək olar ki, təkrarlayan və təxminən Rusiya imperiyasının, sonralar isə Sovet İttifaqının ərazisi ilə üst-üstə düşən şimal-cənub qismini səciyyələndirirdi.
Avrasiyanı qlobal siyasi proseslərin mərkəzi hesab edən Makinder "Hartlənd" ("Heartland") – "dünyanın ürəyi" anlayışının əsasını qoydu. "Hartlənd" daha ümumi kontekstdə "Dünya Adası"nın (World Island) hüdudlarında aparıcı bir ərazidir. "Dünya Adası"na Makinder Asiya, Afrika və Avropa qitələrini daxil edirdi. "Dünya Adası"nın mərkəzində isə "tarixin coğrafi oxu" və ya "ox arealı" (pivot area) yerləşir.
Makinderin əsas ideyasının mahiyyəti bunda idi ki, dünya siyasəti və tarixinin ox regionu rolunu Avrasiyanın nəhəng daxili məkanı oynayır və bu məkan üzərində hökmranlıq dünya hökmranlığı üçün əsas ola bilər. Burada o, özünün aşağıdakı geosiyasi düsturunu irəli sürür: "Şərqi Avropanı idarə edən "Hartlənd" üzərində hökmranlıq edir; "Hartlənd"i idarə edən "Dünya Adası" üzərində hökmranlıq edir; Dünya okeanını idarə edən dünyada hökmranlıq edir".
Təbii ehtiyatlarla zəngin olan və əlverişli coğrafi mövqedə yerləşən "Hartlənd"ə H.Makinder böyük geosiyasi əhəmiyyət verirdi. Müvafiq olaraq "Hartlənd"i o, qurudakı insanların "nəhəng təbii qalası" adlandırırdı. Özü də bu "ox zonası"nın mərkəzində "ox dövləti" yerləşir.
Eyni zamanda, praktiki olaraq daima buzla örtülü olan Şimal Buzlu okeanından başqa, "Hartlənd"in Dünya okeanına rahat nəqliyyat çıxışı yoxdur. O, Qərbi Avropadan başlayıb Yaxın və Orta Şərqdən, Hind-Çindən keçərək Şimal-Şərqi Asiyaya qədər uzanan dənizyanı "daxili aypara" (inner or marginal crescent) əraziləri ilə əhatə olunmuşdur.
Daha sonra dəniz dövlətlərinin Amerika qitəsini, Avstraliya, Okeaniya, Afrikanın Saxaradan cənubda yerləşən ərazilərini, Britaniya adalarını və Yaponiyanı daxil edən "xarici aypara"sı (lands of outer or insular crescent) da fərqləndirilir.
Bununla belə, Şərqi Avropa bölgəsi vasitəsilə "daxili aypara" ölkələri ilə - Qərbi Avropa ilə qarşılıqlı təsirlər üçün açıq olan "Hartlənd" dünya siyasətində xüsusi əhəmiyyət əldə edirdi. Məhz burada ya iri beynəlxalq münaqişələr yaranır, ya da "Hartlənd"lə dəniz dövlətləri arasında əməkdaşlıq inkişaf edirdi. Bununla bağlı olaraq XX əsrin ilk onilliklərində Qərbdə Almaniya ilə Rusiyanın qüvvələrinin birləşməsinin qarşısını almaq üçün Şərqi Avropanın yeni slavyan ölkələrindən ibarət baryer yaratmaq ideyası meydana gəldi.
Makinder hesab edirdi ki, tarixin gedişatını aşağıdakı proseslər şərtləndirir. "Hartlənd"in mərkəzindən periferiyasına "quru quldurları" tərəfindən daimi təzyiq göstərilir. Özü də "tarixin coğrafi oxu"ndan, "Hartlənd"in daxili məkanlarından yaranan sivilizasiyalar Makinderə görə, "avtoritar", "iyerarxik", "qeyri-demokratik" və "qeyri-ticari" xarakterlidirlər.
Xaricdən, yəni "ada ayparası" bölgələrindən isə "Dünya Adası"na "dəniz quldurları" tərəfindən təzyiq göstərilir. Özü də "xarici aypara" sivilizasiyaları üçün "ticarilik" və "demokratik" siyasət formaları səciyyəvidir.
Bu iki qütb sivilizasiya-coğrafiya arealları arasında "daxili aypara" zonası yerləşir. Makinder "Hartlənd"də liderlik uğrunda mübarizədə Avropanın digər dövlətləri ilə müqayisədə daha sərfəli strateji mövqeyə malik olan fövqəldövlət kimi Almaniyadan ehtiyatlanırdı. Onun fikirlərinə görə, burada hakimliyi ələ keçirməklə Almaniya yaratdığı dəniz gücünün köməyi ilə bütün dünyada ağalıq etməyə cəhd göstərə bilərdi ki, elə Adolf Hitler də İkinci dünya müharibəsində məhz bunu həyata keçirməyə cəhd göstərmişdi.
Aydındır ki, yarım əsr sonra ABŞ və Şimali Atlantika Alyansının geosiyasətinə çevrilmiş və hər cür yolla Avrasiya blokunun yaradılmasının mümkünlüyünə belə mane olmaq, Rusiya ilə Almaniyanın strateji ittifaqına, "Hartlənd"in geosiyasi rolunun güclənməsinə və onun ekspansiyasına imkan verməmək məqsədini güdən ingilis-sakson geosiyasətinin əsaslarını məhz Makinder qoymuşdur.
XX-ХХI əsrin əvvəllərində Qərbin davamlı rusofobiyası ideolojidən çox, geosiyasi xarakterli olmuş və bu, indi də qalmaqdadır. Makinder hesab edirdi ki, ingilis-sakson geosiyasətinin əsas vəzifəsi "tarixin coğrafi oxu" ərtafında strateji qitə ittifaqının yaranmasına yol verməməkdir. Deməli, "xarici aypara" qüvvələrinin strategiyası "Hartlənd"dən mümkün qədər çox sahil məkanlarını qoparmaqdan və onları "ada sivilizasiyasının" təsiri altına salmaqdan ibarətdir.
H.Makinderin konsepsiyasi geosiyasətin özünün sonrakı inkişafına çox güclü təsir göstərmişdir. Makinderin geosiyasi nəzəriyyəsinin bəzi aspektləri mübahisəli və köhnəlmiş hesab olunsa da, ingilis geosiyasətinin əsas ideyaları yaşadığımız XXI əsrdə də öz aktuallığını itirməmişdir. SSRİ-nin dağılmasından demək olar ki, dərhal sonra NATO inadla Şərqi Avropa və Mərkəzi Asiyaya doğru irəliləməyə başladı. Son illərin hadisələri də göstərdi ki, şərq tellulokratik (Rusiyanın timsalında) və qərb talassokratik (ABŞ-ın timsalında) mərkəzlərinin "Hartlənd" uğrunda mübarizəsi yenidən başlayıb və onun sonu XXI əsrin əsas geosiyasi sirridir. Bu mübarizənin nəticələrini bir çox mənada həmin prosesə Çinin qoşulması müəyyən edə bilər.
Pərvin Darabadi,
Tarix elmləri doktoru, professor