Rus icmasının nümayəndələri ilə görüş keçirilib TƏDBİR-FOTOLAR

16 Aprel 2015 12:06 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Pasxa bayramı münasibətilə rus icmasının nümayəndələri ilə görüş keçirilib.

SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxış edərək qeyd edib ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olub: "Azərbaycan xalqı bunu milli dövlətçiliyin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edir".

Azərbaycan Rus İcması sədrinin I müavini Zenin Fedoroviç isə bildirib ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri var: "Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, o cümlədən, pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər".

Görüşdə çıxış edən rus icmasının Nizami rayon üzrə sədri Larisa Kovalova, Milli Məclisin deputatı Rövnəq Abdullayevin köməkçisi Sabit Mahmudov isə diqqətə çatdırıb ki, yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir.

Sonra Rus icmasının üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Nizami rayonunda yaşayan 200-dən artıq icma üzvünə bayram hədiyyələri verilib.

İntizarə Məmmədova