"Rusiya özünə qarşı sanksiyalar tətbiq edilməyə başladıqdan sonra İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmaqdan imtina edib və bu səbəbdən də əvvəllər vəd etdiyi S-300 zenit raket kompleksini İrana göndərməyi qərara alıb". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, bu komplekslər İranın hava hücumundan müdafiə olunmasında əvəzsiz rol oynayacaq və Yaxın Şərqdə S-300-ə malik olan yeganə dövlətə çevriləcək: "Bu gün Rusiya Qərbin əleyhinə, İranın daha da gücləndirilməsi xəttini tutub. Bu da Yaxın Şərqdə qüvvələr balansının dəyişməsi ilə bərabər, gərginliyi də artıracaq. Rusiyanın İrana S-300 zenit raket komplekslərini satmasına qarşı ABŞ və İsrail öz narahatlıqlarını bildirib. Ancaq İranın pulu var və silahlanmanı davam etdirir".
Politoloq deyib ki, Rusiyanın İrana S-300 zenit raket komplekslərini satması hər iki ölkəni yeni sanksiyalarla üz-üzə qoya bilər: "Hesab edirəm ki, İrana qarşı yeritdiyi siyasətə görə ilk olaraq Rusiyaya yeni sanksiyaların tətbiqi gündəmə gələcək. Çünki bu, Qərbin əleyhinə yönəlmiş addımdır. İran isə "altılıq" ölkələri ilə imzaladığı müqavilənin müddəalarını pozmağa başlayıb və yeni-yeni şərtlər irəli sürür. Ona görə də, hər iki ölkəyə qarşı sanksiya sistemi sərtləşdirilə bilər".