Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Bakıdakı mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil edilmiş təlim-tədris kursları yekunlaşıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə bu gün kursuların dinləyicilərinə sertifikatlar təqdim edilib.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov məlumat verdi ki, kurslarda paytaxtda fəaliyyət göstərən mehmanxanaların 100-dən artıq əməkdaşı iştirak edib. Beş sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edib. İki ölkə nazirliklərinin əməkdaşlığı çərçivəsində 10 ildən çoxdur ki, respublikanın turizm potensiallı şəhər və rayonlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi olaraq ildə bir neçə dəfə bu tipli kurslar təşkil edir. Budəfəki kurslar həmçinin ölkəmizdə iyun ayında keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı təşkil edilib.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin kənd və hotellər xidməti üzrə direktoru Donna Teylor qeyd etdi ki, dünyada az sayda ölkə belə böyük miqyaslı idman tədbirinə ev sahibliyi etmək imkanı əldə edir: "Avropa Oyunlarının Bakıda keçirilməsinin ən böyük üstünlüyü bu yarışların ilk dəfə burada reallaşmasıdır. Bu səbəbdən də biz çox həyəcanlıyıq. İstəyirik ki, hər şey yüksək səviyyədə olsun".
Sonra Donna Teylor videoçarx vasitəsilə Avropa Oyunlarına hazırlıq, yarışların keçiriləcəyi idman arenaları, qonaqlara təqdim ediləcək xidmətlər və s. haqda iştirakçılara məlumat verdi.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirdi ki, Bakıda və ölkənin müxtəlif regionlarında reallaşdırılan bu treninqlər xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına dəstək vermək məqsədilə həyata keçirilir: "Mehmanxanalarda xidmət səviyyəsinin tam qaneedici olmadığı heç kimə sirr deyil. Azərbaycanda turizm yeni inkişaf edən bir sektordur və xidmət sektorunda lazımi nəticənin əldə olunması üçün zaman lazımdır. 2003-cü ildən Azərbaycanın və Türkiyənin nazirliklərinin əməkdaşlığı ilə bu kurslar təşkil olunur. Bu vaxta qədər 2 min nəfərə yaxın mehmanxana əməkdaşı kursların iştirakçısı olub".
Bildirilib ki, kurslar bundan sonra da davamlı olaraq təşkil ediləcək və ölkənin bütün bölgələrini əhatə edəcək.
Mərasimdə iştirak edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Mehmet Yaşar qeyd etdi ki, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları beynəlxalq səviyyəli tədbirdir və Azərbaycan bu çətin, məsuliyyətli tədbirin öhdəsindən gələcək: "Bunun üçün də hər kəs əlindən gələn köməyi etməlidir. Bu günə qədər Azərbaycanın və Türkiyənin nazirlikləri turizm sahəsində bir çox layihələr həyata keçiriblər. Onların arasında ən uzunmüddətlisi və yüksək nəticələr əldə olunan layihə mehmanxana əməkdaşları üçün təşkil edilən kurslardır".
Türkiyənin Azərbaycandakı səfirliyinin müstəşarı Meral Barlas da kursların əhəmiyyətini və layihənin növbəti illərdə davam edəcəyini diqqətə çatdırdı.
Qeyd edək ki, sonra kurslarda iştirak edən 100-dən çox dinləyiciyə sertifikatlar təqdim edilib.