“21:15 qatarı” tamaşasının premyerası olacaq

11 Aprel 2015 11:35 (UTC+04:00)

Toyqun Orbayın pyesi əsasında hazırlanmış "21:15 qatarı" tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiyanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada xalq artistləri Hacı İsmayılov (Vağzal məmuru), Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərli (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edirlər.

75 dəqiqə davam edəcək tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

Nəzərinizə çatdıraq ki, Toyqun Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiya sahəsində də fəaliyyət göstərir. "Mat", "Şərəfinə insanoğlu" və "21:15 qatarı" pyeslərinin müəllifidir. Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.

Müəllifin "21:15 qatarı" birpərdəli pyesi 2002-ci ildə yazılıb. Akademik Milli Dram Teatrının tamaşası Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk müraciətdir.

Qeyd edək ki, tamaşa aprelin 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunacaq.