Hayana yol alsam, yolum başlayır
oğlumun gözlərindən.
Gün çıxır, ay doğur, ulduzlar yanır,
qar yağır, dolu başlayır
oğlumun gözlərindən.
Tutur, yeri göyü tutur gözləri,
Keçdiyim yolları udur gözləri,
doymur ki, doymur.
Kiprikləri bitir yol qırağında,
məni yolumdan çıxmağa
qoymur ki, qoymur.
Yanında üzüm ağdı, alnım açıqdı, Allah,
məni hər günahdan oğlum saxlayır.
Bu yol niyə belə palçıqdı, Allah,
yoxsa hayandasa oğlum ağlayır?!
Ağlayır -
göz yaşı düşür yoluma...
Yaş içində gəzirəm, mənim balam.
Gözlərindən
işıq düşür yoluma,
Yumma gözlərini, yumma,
azaram, mənim balam.
Nə vardı, nə yoxdu gözlərinəcən?
Dünya qaranlıqdı gözlərinəcən.
Tanrı məni
bu insan yuvasına atınca.
Gəlib sənin
gözlərinin işığına çatınca,
Ömrümün otuz üç ilini keçdim,
keçdim qaranlıqda əl havasına.
Daha səndən gizli deyil
dünyada bir addımım,
Gizlənə bilmərəm daha
gözündən, mənim balam.
Bir tanrıdı
sevə-sevə qorxduğum,
Bir də, sənsən -
bu dünya üzündə, mənim balam.
Nə yaxşı ki,
tanrıdan da özgə bizi görən var;
Yolumuza işıq salır
balaların gözləri.
Öz yolunu azanların
balaları kor qalar.
Qaranlıqda itib-batır
ataların özləri.
...Balalara tanrı qıymaz!..
Yox, batsaq da günaha,-
Qaranlıqda yanır hələ
balaların gözləri çıraq-çıraq.
Tanrı bizi görmür daha,
Ümid yoxdu Allaha,-
qaranlıqdan bizi ancaq
balalar çıxardacaq...
Ramiz Rövşən