Fransanın paytaxtı Paris şəhərindəki Eyfel qülləsinin işçiləri ölkənin əsas həmkarlar ittifaqlarının çağırışı ilə başlayan "fəaliyyət günü"nə qoşulublar. Onlar yerli vaxtla saat 18:00-dək qüllənin bütün mərtəbələrinə girişin bağlı olduğunu elan ediblər.
Ümumi əmək konfederasiyası həmkarlar ittifaqının nümayəndəsinin sözlərinə görə, qüllədə işləyən personalın 90 faizi işin dayandırılmasının lehinə səs verib. Onların hamısı sərt iqtisadi kurs yürüdən hökumətin siyasətinə etiraz əlaməti olaraq "fəaliyyət günü"ndə iştirakın vacib olduğu fikrindədir.
Axşam saatlarında Paris şəhərindəki Respublika meydanında Fransanın bütün əyalətlərindən gələn işçilərin iştirakı ilə çoxminlik nümayişin, həmçinin İtaliya meydanından Əlillər evinə qədər böyük yürüşün keçirilməsi planlaşdırılır.