YAP-dan boykot çağırışına MÜNASİBƏT

9 Aprel 2015 15:15 (UTC+04:00)

"Bakı 2015 Avropa Oyunlarının boykotu il bağlı bütün çağırışlar xaricdəki anti-Azərbaycan mərkəzlərin sifarişidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Avropa Siyasəti Araşdırmaları Mərkəzinin Bakı 2015 Avropa Oyunlarını boykot çağırışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə çağırışlarda məqsəd qüdrətlənən Azərbaycan dövlətinin uğurlarına kölgə salmaqdır: "Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir, beynəlxalq aləmdə nüfuza malik bölgə ölkələrindən birinə çevrilib. Dünyada iqtisadi böhran getməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında irəliləmə var. Bu baxımdan Azərbaycanı özünün forpostu görmək istəyən qüvvələr dövlətimizlə bağlı iftira, yalan yazmaqda maraqlıdırlar. Digər tərəfdən isə Azərbaycana qarşı siyasi təzyiq artırmağa çalışırlar. Bu cür çağırışların heç bir əsası yoxdur və nə Avropa, nə də digər dünya dövlətləri Azərbaycanla bağlı neqativ mövqe tutmayacaq. Əksinə bu gün Azərbaycanla əməkdaşlıq bir prestijə çevrilir. Ölkəmizə birgə layihələrdə olmaq üçün çox təkliflər var".

A. Mirzəzadə qeyd edib ki, Azərbaycanla bağlı rəyi korlamağa çalışan müəyyən mərkəzlər var: "Dünyada birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi onların bütün planlarını alt-üst edir. Bu olimpiadanın Azərbaycanda keçirilməsinə maneə ola bilməsələr də oyunlar ərəfəsində ölkəmiz haqqında mənfi fikir yaratmağa çalışırlar. Ancaq, onların bütün çağırışlarına baxmayaraq Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcək. Heç bir təzyiqə baxmayaraq özünün müstəqil xarici və daxili siyasətini yeridəcək. Dünya birliyində tutduğu layiqli yeri bundan sonrakı fəaliyyəti ilə daha da gücləndirəcək".