"Atayam indi"

9 Aprel 2015 09:52 (UTC+04:00)

Daha məndən sənə yar ola bilməz,

Saçına dən düşmüş atayam indi.

Axşam-səhər yollarımı gözləyən,

Üç şəkər balaya butayam indi.

Xəyalım göylərdən yerə enibdi,

Gördüyün alovum-odum sönübdü.

Səni dönük görüb, üzüm dönübdü,

Gəl məni tərpətmə, xatayam indi.

Ömrün payızıyla qucaqlaşmışam,

Axşam günəşiyəm, dağdan aşmışam.

Sən görən Bəhməndən uzaqlaşmışam,

Nə ona yoldaşam, nə tayam indi.

Bəhmən Vətənoğlu