"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bir çox üzvlərinin birmənalı mövqeyindənb fərqli olaraq İran Dağlıq Qarabağ məsələsində çox təəssüf ki, Ermənistana təzyiq göstərmək fikrindən uzaqdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə İran İslam Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartdan yanaşmasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, bir tərəfdən İran DQ-nı Azərbaycanın ərazisi hesab edir: "Ancaq bununla belə İran torpaqlarımızı işğal edən Ermənistanla çox sıx siyasi, iqtisadi, hərbi əməkdaşlığı var. İran Ermənistanı yanacaq, elektik enerjisi ilə təmin edir və ona sərfəli kreditlər ayırır. Rəsmi İrəvan iqtisadiyyatına İran sahibkarları tərəfindən, eləcə də dövlət xətti ilə investisiyaların yatırılması Ermənistanın bu gün DQ məsələsində işğalçılıq siyasətindən əl çəkməməsinə səbəb olur. Əlbəttə ki, bu, mehriban qonşuluq və İslam Həmrəylik prinsipləri ilə heç də düz gəlmir. Azərbaycan tərəfi İranla münasibətlərində mehriban qonşuluq siyasətini üstün tutur. Ancaq İranın bu mövqeyini düzgün hesab etmir. Çox istərdik ki, İran tərəfi Azərbaycanla tarixən qonşuluq, ümumi din, dil, mədəniyyət faktorlarını üstün tutaraq bu gün beynəlxalq hüquq normalarına saymazyana yanaşan, Azərbaycanın ərazi bütövlüyünü tutan Ermənistana qarşı bir çox İslam dövlətləri kimi prinsipial mövqedə olardı. Bu Azərbaycan-İran münasibətlərinin daha da möhkəmlənməsinə və ümumən götürdükdə regionda stabilliyin güclənməsinə çox böyük dəstək olar".