Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə "Avropada Enerji Təhlükəsizliyinin Təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açıq elan edən SAM-ın direktoru Fərhad Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara məlumat verib. Bildirib ki, Azərbaycanı dünyada tanıdan brendlər neft və gələcəkdə qaz olacaq: "Azərbaycan bu istiqamətdə uzun bir yol keçib. Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası nəticəsində öz enerji daşıyıcılarını yeni texnologiyalar cəlb etməklə dənizin ən dərin qatlarından çıxarır. Həmçinin öz neft kəmərləri vasitəsi ilə neftini xarici bazara çıxarır və son nöqtədə öz şirkətləri vasitəsi ilə alıcılara çatdırır. Azərbaycan neftinin əsas alıcılarından biri də məhz İtaliyadır".
F. Məmmədov təəssüflə bildirib ki, son dövrlərdə enerji məsələsi, onun nəqli daha çox geosiyasi məsələlər kimi dəyərləndirilir və münaqişələrə gətirib çıxarır: "Lakin cərəyan edən bütün bu proseslər kontekstində Azərbaycanın mövqeyi proqnozlaşdırılan mövqe kimi qəbul edilir. Azərbaycan Avropa, dünya şirkətləri üçün məsuliyyətli tərəfdaş rolundan çıxış edir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu var. Azərbaycan Gürcüstan, Türkiyə, Albaniya, Serbiyada bir sıra mühüm layihələr həyata keçirir. Bu ölkələrə uğurlu əməkdaşlıq sübut edir ki, Azərbaycan öz uğurunu paylaşmağı bacarır. Yəni, həyata keçirdiyi enerji layihələri ilə konstruktiv rol oynayır və bu məsələlər hər hansı bir siyasi kontekst daşımır. Enerji daşıyıcıları bizə imkan verir ki, qeyri-neft sektorunu inkişaf etdirək."
F. Məmmədov deyib ki, Azərbaycanın yeni qaz mənbələri formalaşdıqca Avropa bazarında qazın qiymətinin aşağı düşməsini bir təhdid kimi görür: "Ancaq Cənubi Qafqazda ən böyük təhdid həll olunmamış Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın davam edən işğalçılıq siyasətidir. Bu barədə Avropalı tərəfdaşlarımıza məlumat veririk. Çünki, bu münaqişə enerji daşıyıcılarına potensial təhdiddir. Onun aradan qaldırılması da gələn illər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə sammitdəki çıxışında xüsusi vurğulayıb ki, bu münaqişələrə vahid yanaşma və prinsiplər formalaşmalıdır. Aİ bir münaqişədə ərazi bütövlüyü prinsipini dəstəkləyirsə, digər münaqişələrdə də eyni prinsip dəstəkləməlidir. Əgər hər hansı separatçı rejimə qarşı sanksiyalar tətbiq olunursa, həmin əraziyə Avropa şirkətlərinin, vətəndaşlarının gediş-gəlişi qadağan olunursa, Dağlıq Qarabağdakı separatçı rejimə də bu mövqe sərgilənməlidir".
Daha sonra çıxış edən Italiya Beynəlxalq Əlaqələr İnstitutunun (Istituto Affari Internazionali) direktoru Ettore Qrekoçıxışında rəhbərlik etdiyi beyin mərkəzinin fəaliyyətindən danışıb. Həmçinin İtaliyanın Avropada oynadığı rol barədə iştirakçılara məlumat verib.
E. Qreko bildirib ki, Azərbaycanın Avropa üçün önəmi artmaqdadır: "Avropanını enerji təhlükəsizliyi çox önəmlidir. Biz TAP və TANAP layihələri tədqiq etmişik. Çünki, bizim üçün bu layihələr çox vacibdir. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən variantları müzakirə etmişik.
Dəyirmi masa iştirakçıların məruzələri ilə yekunlaşıb.