Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə müəyyən olunmuş tibb bacısı vəzifəsinin nomenklaturası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 22 noyabr tarixli 22 nömrəli qərarında qeyd olunan tibb bacısı vəzifələri arasında uyğunsuzluqlar mövcuddur. SİA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə fəaliyyət hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, səhiyyə sahəsinə aid edilən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 22 noyabr tarixli 22 nömrəli qərarı ilə təsdiq edilən "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçaslı"na uyğun olaraq həyata keçirilir. Kitabçada "orta tibb təhsilli "Tibb bacısı işi" ixtisası üzrə sahə, cərahiyyə, prosedur, sarğı, masaj üzrə tibb bacısı (qardaşı) vəzifələrinin ödəniş dərəcələrinə ixtisas tələbləri müəyyən edilib. Səhiyyə Nazirliyinin 2008-ci il 01 sentyabr tarixli 119 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisəlrində vəzifələrin nomenklaturası"nda isə orta tibb vəzifələri üzrə tibb bacısı, əməliyyat otağının tibb bacısı, pəəhriz üzrə tibb bacısı və sahə tibb bacısı vəzifələri müəyyən edilib. Bu uyğunsuzluqlar Hesablama Palatası tərəfindən səhiyyə müəssisələrində aparılan audit tədbirlərində tibb bacılarına ixtisas tələblərinin əməyin ödəniş dərəcələrinə tətbiqinin düzgün qiymətləndirilməsinə imkan verməməklə yanaşı, səhiyyə müəssisələrində orta tibb heyətinin əməyinin ödənişinə büdcədən ayrılan vəsaitin artıq istifadəsinə şərait yaradır.
Bunları nəzərə alan Hesabalma Palatası həmin sənədlərin uyğunlaşdırılmasını məqsədəmüvafiq hesab edir.