Mübariz Əhmədoğlu: "DQ maddi tutuma malik mövzudur"

7 Aprel 2015 12:05 (UTC+04:00)

Bu gün 2015-ci ilin mart ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda qondarma erməni soyqırımına toxunan mərkəz sədri bildirib ki, "erməni soyqırımı" Ermənistan rəhbərliyi, xüsusilə Qarabağ klanı üçün sövdələşmə predmetidir: "Soyqırım"a sövdələşmə obyekti kimi yanaşmaq biznesmenlərə və ya orta təbəqəyə də aiddir. "Erməni soyqırımı"nın 100 illiyi üçün "unutma" adlı nişan buraxmaq nəzərdə tutulub. Bu nişanın istehsal və satışı ciddi mübahisə obyektinə çevrilib. Hətta bəzi mətbu orqanları "unutma" nişanından istifadə etmir. O rəngdə, ona bənzər formada işarələr qoymaqla özlərini "soyqırım" kampaniyasının tərkib hissəsi kimi göstərirlər. Nişandan istifadə edəcəkləri təqdirdə onlardan pul tələb oluna bilər". M.Əhmədoğlu əlavə edib ki, Qarabağ klanı üçün Dağlıq Qarabağ maddi tutuma malik mövzudur: "Qarabağ Ermənistana qalacaqsa bu, torpaq və mülk deməkdir. "Erməni soyqırımı" isə nəzəri-mifoloji məsələdir. Bu dövr ərzində bir neçə dəfə də Ermənistan rəhbərliyi "erməni soyqırımı"na qarşı alçaldıcı davranışlar nümayiş etdirirlər".