Bir gün dəli olacağam,
İcazə versələr əgər.
Gedəcəyəm baş götürüb
Evimizdən səhər-səhər...
Söysələr də, öz-özümə
Ürək verib susacağam.
Söyüşləri yaxam üstən,
Orden kimi asacağam.
Səni deyib yer üzünü
Qapı-qapı gəzəcəyəm.
Qürbətə, qapısız vətən,
Görən necə dözəcəyəm?
Yox, görürəm bu dünyada,
Mənə bir kəs gülməyəcək.
Qorxu tutmuş əllərimdən,
Dəlilik də gəlməyəcək.
Bu otaqda qalacağam
Vicdanımla təkbaşına,
Bircə ümid bəsləyərək
Dost-aşnanın göz yaşına.
Ana yurdum, torpağında
Bir ləpir izim qalmadı.
Doğuldu, öldü şairin,
Sənin xəbərin olmadı...
Vaqif Səmədoğlu