"Türkiyədə baş verənləri konkret səbəbə bağlamaq mümkün deyil. Niyə? Çünki bu məkanda çox maraqlar toqquşur. Qərbdən tutmuş, daxildə narazı olan qüvvələrə qədər". Bunu SİA-ya politoloq Elşən Musayev son günlər Türkiyədə baş verənləri şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, sadəcə məsələ burasındadır ki, Türkiyənin başına nə gətirilirsə seçki öncəsi gətirilir: "Yəni bütün planların icrasına o zaman start verilir ki, ortalıqda siyasi aktivlik, həssasiyyət olsun. Mənim şəxsi düşüncəm isə ondan ibarətdir ki, burada çox böyük güclərin əli var və dünya həmin terrorlarla Türkiyəni sadəcə qlobal siyasi proseslərdən kənarlaşdırmaq ya da onu ən azından neytrallaşdırmaq niyyətini güdür. Çünki kürd probleminin maksimal dərəcədə həlli hegemon dövlətlərin, ələxsus da Amerikanın Türkiyəyə qarşı təsir imkanlarını azaltmışdı. Buna görə də yeni nəsə düşünmək lazım idi və düşünüldü. Məsələn, bütün Qərb dövlətlərinin terror siyahısına salınsa da dalbadal elə özlərinin birbaşa maliyyələşdirdiyi və himayə etdiyi DHKP-C hazırda Türkiyədə baş verən terrorun əsas katalizatoru olaraq göstərilir".
E.Musayev əlavə edib ki, baş verənlərdə digər bir nüans Türkiyənin son zamanlar müttəfiqliyə can atdığı dövlətlərin siyahısıdır: "İlk ikiliyə diqqət edin. Səudiyyə Ərəbistanı və İran. (Ərdoğan yeni kral Salman İbn Abdulazizlə çox isti münasibətlərə malikdir. Eyni zamanda son nitqində İranı ikinci evi adlandırmışdı). İndi isə sual etmək istəyirəm. Amerika bu üçlüyü həzm edə bilərdimi? Əsla! Odur ki, eyni adlı koalisiyanı dağıtmaq üçün möhtəşəm bir plan qurulur. Türkiyənin başı terrora, Səudiyyə Ərəbistanının başı Yəmən hadisələrinə, İranın başı isə barışıq eyforiyasına qarışır. Nəticə isə ortadadır".